newsroom
Hava haqqında
azerbaijan
heyder_aliyev
aa
a
Şəki Şəhər İcra Hakimiyyətinin internet Səhifəsinə xoş gəldiniz.

well.png
Sizlərə təqdim olunan, Şəki Şəhər İcra Hakimiyyətinin Rəsmi İnternet Səhifəsi vasitəsi ilə şəhərimizin sosial-iqdisadi, ictimai-siyasi və mədəni həyatında baş verən bütün yenilikləri vaxtında və dəqiq əldə edə biləcəksiniz. Bundan əlavə İnternet Səhifəsi Şəki Şəhər İcra Hakimiyyətinin bütün strukturları ilə idarə, müəssisə və təşkilat rəhbərlərinin, o cümlədən bütün əhalinin birbaşa ünsiyyət yaratmasına imkan verəcəkdir.

ŞƏKİDƏ YAPONİYA HÖKUMƏTİNİN KÖMƏYİ İLƏ DAHA BİR LAYİHƏ REALLAŞDIRILMIŞDIR
     Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Şəki rayonunun Dərəcənnət kənd orta məktəbi üçün 9 sinif otağından ibarət əlavə tədris korpusu tikilib istifadəyə verilmişdir.
     Bu münasibətlə sentyabrın 2-də kənddə Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Okinin, şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli mərasim keçirilmişdir.
     Mərasimi giriş sözü ilə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq, son illər Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Şəki Şəhər İcra Hakimiyyəti arasında əməkdaşlığın genişləndiyini bildirmiş, bu ölkə hökumətinin dəstəyi ilə rayonda təhsil və sosial sahələrdə 10-a yaxın layihənin reallaşdırıldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, məktəbin əvvəlki binası qəzalı vəziyyətə düşdüyündən keçən il bu ərazidə dövlət vəsaiti ilə 240 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Yaponiya hökumətinin maliyyə yardımı ilə inşa edilmiş yeni tədris korpusu isə ibtidai siniflər üçün nəzərdə tutulmuşdur.
      Layihənin rəhbəri, “Qadın Dünyası” İctimai Birliyinin sədri Kifayət Niftəliyeva layihənin maliyyələşdirilməsinə göstərdiyi köməyə görə Yaponiya səfirliyinə, eləcə də təşkilati dəstəyə görə Təhsil Nazirliyi və şəhər icra hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
     Mərasimdə çıxış edən səfir Masamitsu Oki demişdir ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı Azərbaycanda 2000-ci ildən həyata keçirilir. Proqram çərçivəsində Şəkidə də bir sıra layihələrin reallaşdırıldığını bildirən diplomat bir neçə gün əvvəl Şəki şəhərində ekologiya sahəsində daha bir layihənin həyata keçirildiyini diqqətə çatdırmışdır.
     Sonra səfir Masamitsu Oki və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı yeni tədris korpusunun açılışını bildirən rəmzi qırmızı lenti kəsmiş, mərasim iştirakçıları burada yaradılan şəraitlə yaxından tanış olmuşlar.   
E-mail vasitəsi ilə göndər Çap üçün

ŞƏKİDƏ SEÇKİ HÜQUQU ÜZRƏ İXTİSASLAŞDIRILMIŞ KURSLAR KEÇİRİLİR
     Sentyabrın 1-də Şəki rayonu ərazisində fəaliyyət göstərən 113, 114, 115 saylı seçki dairələrində dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsinə başlanmışdır. Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən və 3 gün davam edəcək bu kurslara 113 saylı seçki dairəsi üzrə 33,  114 saylı seçki dairəsi üzrə 49,  115 saylı seçki dairəsi üzrə 49 nəfər olmaqla, cəmi 131 nəfər dinləyici qatılmışdır.
     Dairə Seçki Komissiyalarından AzərTAc-ın müxbirinə bildirmişlər ki, kursların ilk günü dinləyicilər “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” haqqında ətraflı məlumat əldə etmiş, “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri” və “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasında öz səlahiyyətləri daxilində şərait yaradılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu” mövzularında məruzələri dinləmişlər. Məşğələləri MSK-nın hüquq şöbəsinin baş məsləhətçisi Samir Tağıyev, Dairə Seçki Komissiyasının sədrləri, Rayon məhkəməsinin sədri Mehman Nuriyev, Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri Rəfael Manafov, Maarif Mahmudov və Əhmədiyyə Bəşirov aparmışlar.
     Növbəti günlərdə dinləyicilərə seçki prosesində seçki siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və digər mövzularda məruzələr təqdim ediləcəkdir.
     İxtisaslaşdırılmış kurslara sentyabrın 3-də yekun vurulacaqdır. 
E-mail vasitəsi ilə göndər Çap üçün

ŞƏKİ MƏZUNLARI BUİLKİ QƏBUL İMTAHANLARINDA YÜKSƏK NƏTİCƏ ƏLDƏ ETMİŞLƏR
     Şəki Şəhər İcra Hakimiyyətində builki qəbul imtahanlarında 500-700 bal toplayıb ali məktəblərə daxil olmuş gənclər və onların valideynləri ilə şəhər rəhbərliyinin görüş olmuşdur.
     Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirmişdir ki, Şəki təhsili öz zəngin ənənələri ilə respublikada həmişə seçilmişdir. Şəki məzunları ənənələrə sadiq qalaraq, ötən illərdə olduğu kimi, builki qəbul imtahanlarında da çox yüksək nəticələr əldə etmişlər. Şübhəsiz ki, qazanılmış uğurlar, ilk növbədə, şagirdlərlə müəllimlərin birgə, gərgin əməyinin sayəsində mümkün olmuşdur.
     Qəbul imtahanlarında Şəki məzunlarının göstərdikləri nəticələr barədə məlumat verən şəhər təhsil şöbəsi müdirinin əvəzi Bəhyəddin Qüvvətov bildirmişdir ki, bu il ümumtəhsil məktəblərini bitirmiş 1656 məzundan 1165 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, onlardan 517 nəfəri tələbə adını qazanmışdır. Sevindirici haldır ki, qəbul imtahanlarında məzunlardan 90 nəfər 500-dən 600 baladək, 29 nəfər isə 600 baldan yuxarı nəticə göstərmişdir. Natiq qəbul imtahanlarında Kiçik Dəhnə kənd 2 saylı orta məktəbin məzunu Günel Abdullayevanın 700 bal toplayaraq respublika üzrə ən yüksək nəticə əldə etməsinin Şəkinin təhsil həyatı üçün çox əlamətdar hadisə olduğunu xüsusi vurğulamışdır.
     Görüşdə 700 bal toplayaraq Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinə qəbul olmuş Günel Abdullayeva, habelə valideynlər adından Milli Məclisin deputatı Məclum Şükürov çıxış edərək, qəbul imtahanlarında məzunların biliyinin obyektiv qiymətləndirilməsində TQDK-nın rolunu xüsusi qeyd etmiş, Azərbaycan təhsilinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
     Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı çıxış edərək Şəki təhsilinin tarixinə qısa nəzər salmış, yüksək bal toplayaraq respublikanın nüfuzlu ali məktəblərinə daxil olan tələbələri bu şərəfli ada layiq görülmələri münasibətilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. İcra başçısı bildirmişdir ki, təhsilin inkişaf etdirilməsi bu gün Azərbaycan Prezidentinin xüsusi diqqət göstərdiyi sahələrdən biridir. M.Cabbarlı tələbə adını qazanmış gənclərin gələcəkdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə layiqli töhfə verəcəklərinə əminliyini bildirmişdir.
     Görüşün sonunda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara şəhər İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur. Ən yüksək nəticə göstərmiş Günel Abdullayevaya isə kompyuter hədiyyə edilmişdir.
E-mail vasitəsi ilə göndər Çap üçün

YAPONİYA HÖKUMƏTİNİN KÖMƏYİ İLƏ ŞƏKİDƏ DAHA BİR LAYİHƏ REALLAŞMIŞDIR
yapon_sefirliyi_1.jpg Avqustun 18-də Şəkidə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində reallaşdırılan “Şəki  rayonunun Dərəhamamı və Gəncəli icmalarında çay qırağının və çaylardakı vəziyyətin yaxşılaşdırılması” layihəsinin başa çatması münasibətilə mərasim keçirilmişdir. 
Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Oki, şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı, şəhər ictimaiyyətinin nümayəndələri və məhəllə sakinləri iştirak etmişlər.
      Mərasimi giriş sözü ilə açan layihənin rəhbəri, “Şəki Ekologiya və Təhsil MərkəziGənclər İctimai Birliyinin sədri Əlirza Məhərrəmov bildirmişdir ki, ekoloji təhlükəsizlik insanların həyat və sağlamlığının ən mühüm amilinə çevrilmiş, yer sivilizasiyası real ekoloji fəlakət təhlükəsi qarşısında qalmışdır. Ölkəmizdə bu problemin həlli, təbiətin mühafizəsi və ekologiyanın yaxşılaşdırılması məsələləri istər hökümətin, istərsə də hər bir vətəndaşın məqsədyönlü fəaliyyətinin tərkib hissəsi olaraq qalır. Sevindirici haldır ki, ekoloji problemlərin həllinə yerli ictimai birliklər və təşkilatlar da öz töhfələrini verməkdədirlər. Belə təşkilatlardan olan “Şəki Ekologiya və Təhsil Mərkəzi” Gənclər İctimai Birliyi uzun müddətdir ki, əhali arasında ekoloji maarifləndirmə işləri ilə məşğul olur. 
     yapon_sefirliyi_2.jpgİctimai Birliyin sədri bildirmişdir ki, layihənin əsas məqsədi Dəyirmanarx və Qurcançay çay yataqlarının 6250 kvadratmetrinin tullantılardan təmizlənməsi, 580 metr çayqırağı hasarın yenidən qurulması və gələcəkdə çayların çirkləndirilməsinin qarşısını almaq üçün yerli əhali arasında maarifləndirmə işlərinin aparılmasıdır.
Mərasimdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı “Ekologiya ili” çərçivəsində ölkəmizdə, eləcə də Şəkidə genişmiqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmış, Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihənin şəhərin sosial-iqtisadi həyatı üçün çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. İcra başçısı layihənin həyata keçirilməsinə göstərdiyi köməyə görə şəhər sakinləri adından səfir Masamitsu Okiyə minnətdarlığını bildirmişdir.
     Mərasimdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Oki bildirmişdir ki, belə layihələrin həyata keçirilməsi Azərbaycan Prezidentinin 2010-cu iliEkologiya ilielan etməsi təşəbbüsü ilə uzlaşan Yaponiya səfirliyinin Azərbaycanda ətraf mühitin mühafizəsinə töhfə vermək siyasətinin bir təzahürüdür. Səfir bildirmişdir ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” Azərbaycanda 2000-ci ildən həyata keçirilir. Bu proqram çərçivəsində reallaşdırılan layihələr ətraf mühit, sosial müdafiə, səhiyyə, tibb, təhsil və digər sahələri əhatə edir. İndiyə kimi bu proqram çərçivəsində Azərbaycanda ümumi məbləği 9 milyon 390 min ABŞ dolları olan 129 layihə həyata keçirilmişdir. İcrası başa çatan bu layihənin dəyəri isə 95 min 760 ABŞ dollarıdır.
     Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları Dəyirmanarx və Qurcançay çay yataqlarında aparılan işlərlə yaxından tanış olmuşlar.
     Səfirə Şəki Xan sarayının təsvir olunduğu rəsm əsəri hədiyyə edilmişdir.  
E-mail vasitəsi ilə göndər Çap üçün

ŞƏKİ SƏRHƏD DƏSTƏSİNDƏ GƏNC ƏSGƏRLƏRİN HƏRBİ ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLMİŞDİR
      Şəki Sərhəd Dəstəsində Sərhəd Qoşunlarının yaradılmasının 91-ci ildönümünə və gənc əsgərlərin andiçmə mərasiminə həsr olunmuş tədbir keçirilmişdir. 
     Şəxsi heyətin, şəhər icra hakimiyyəti və hüquq-mühafizə orqanları nümayəndələrinin, valideynlərin iştirak etdiyi mərasimin əvvəlində meydana təntənəli marşın sədaları altında hərbi hissənin döyüş bayrağı gətirilmiş, dövlət himni oxunmuşdur.
     Hərbi hissənin komandiri polkovnik-leytenant Səmid Cəfərov sərhədçiləri əlamətdar bayram münasibətilə təbrik etmiş, hərbi andın hər bir əsgər üçün doğma Vətənə sədaqətlə xidmət etmək, mübariz, mətin, cəsur və qorxmaz olmaq, öz canını və qanını belə əsirgəmədən Azərbaycan Respublikasının dövlət sərhədlərinin toxunulmazlığını və təhlükəsizliyini təmin etmək olduğunu bildirmişdir.
     Gənc əsgərlər meydanın mərkəzinə düzülərək Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, dövlətimizə, xalqımıza sədaqətli olacaqlarına and içmişlər.
     Şöbə rəisinin şəxsi heyət üzrə müavini polkovnik-leytenant Ülvi Cəfərovun məruzəsində ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, sərhəd qoşunlarının formalaşması və inkişafına göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunmuşdur. Natiq bu tarixi günün əsgərlərin yaddaşına əbədi həkk olunacağını bildirmişdir.
     Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin gənc əsgərlərə bayram təbrikinin mətni oxunmuşdur. Xidmətdə fərqlənən sərhədçilərə mükafatlar təqdim edilmişdir.
     Sonra hərbi hissənin çevik hərəkət bölüyünün nümunəvi çıxışları olmuşdur.   
E-mail vasitəsi ilə göndər Çap üçün

QƏDİM VƏ MÜASİR ŞƏKİ İLƏ TANIŞLIQ
abdulla_gul_1.jpgTürkiyə Prezidenti Abdullah Gül Azərbaycana rəsmi səfəri çərçivəsində avqustun 17-də respublikamızın şimal-qərb bölgəsində olmuşdur.
Səfər proqramına uyğun olaraq 
Şəkiyə gələn Türkiyə Prezidenti Abdullah Gül şəhər icra hakimiyyətinin binası qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu, ulu öndərin xatirəsini ehtiramla yad etdi.
Sonra ali qonaq Şəkinin Orta Zəyzid kəndi ərazisində türk əsgərinin abidə kompleksini ziyarət etdi. Prezident Abdullah Gül abidənin önünə gül dəstəsi qoydu.
 
Bildirildi ki, bu abidə XX əsrin əvvəllərində xalqımızı erməni qəsbkarlarından xilas etmək məqsədi ilə Azərbaycana gəlmiş türk ordusunun şəhid əsgərinin şərəfinə ucaldılmışdır. Abidənin ətrafında geniş abadlıq işləri görülmüş, 2002-ci ildə məzarüstü abidə kompleksi yaradılmışdır. abdulla_gul_2.jpg
Türkiyə Prezidenti Abdullah Gül daha sonra Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycan və Dağıstandakı hərəkatı və ölkəmizdəki türk şəhid məzarlıqlarının yerləşdiyi stendə baxdı.
Qardaş ölkənin dövlət başçısı Şəkinin mərkəzi parkında xalq şairi Bəxtiyar Vahabzadənin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Məlumat verildi ki, XX əsr Azərbaycan poeziyasının ən parlaq simalarından biri olan Bəxtiyar Vahabzadə milli mədəniyyətimizin təbliği və ədəbi irsimizin dünyada tanıdılması sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Şair Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi işinə də böyük töhfələr vermişdir. Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə bağlı bu il qardaş Türkiyədə də silsilə anma tədbirləri keçirilmişdir.
 
Prezident Abdullah Gül parkda Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onlarla səmimi söhbət etdi. Türkiyə Prezidenti Azərbaycana səfərindən məmnun qaldığını, ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini bildirdi. Diqqətə çatdırıldı ki, bu səfər Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına yeni töhfələr verəcəkdir. abdulla_gul_3.jpg
Prezident Abdullah Gül XIX əsrin tarixi-memarlıq abidəsi olan Şəki Cümə məscidinə və burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsinə də baş çəkdi. Ali qonağa məscid və mədrəsə barədə ətraflı məlumat verildi, ona xatirə hədiyyəsi təqdim olundu. Prezident Abdullah Gül məscidin həyətində mədrəsədə təhsil alan hafizlərlə xatirə şəkli çəkdirdi.
Şəki Xan sarayı ilə tanışlıq zamanı Türkiyə Prezidenti Abdullah Gülə məlumat verildi ki, XVIII əsrə aid olan bu nadir tarixi-memarlıq abidəsi şəhərin yuxarı hissəsində, “Yuxarı baş” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, təqribən 1762-ci ildə tikilmişdir. abdulla_gul_4.jpgİnşaat texnologiyasına görə Xan sarayının dünyada bənzəri yoxdur. Tikinti zamanı mismar və yapışqandan istifadə olunmamışdır. Hər kvadratmetr şəbəkə bir-birinə geydirilən 5 min hissədən ibarətdir. Saray 1300 metr uzunluğunda qala divarları ilə əhatə olunmuşdur. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır. Sarayda xalq təsviri sənətinin bir çox növləri, xüsusilə XVIII-XIX əsrlərə aid maraqlı divar rəsmləri diqqəti cəlb edir. Bu rəsmlər əsasən həndəsi, nəbati, habelə süjetli və quşların təsviri həkk olunmuş naxışlardan ibarətdir. Sarayın ikinci mərtəbəsinin divarlarında təsvir olunan döyüş və ov səhnələri xüsusilə maraq doğurur. Şəki Xan sarayı indiyədək 5 dəfə əsaslı bərpa edilmişdir.
T
ürkiyə dövlətinin başçısı sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr etdi.
Prezident Abdullah Gülə Xan sarayının təsvir olunduğu rəsm əsəri hədiyyə edildi.
 
Ali qonaq Xan sarayının xatirə kitabına ürək sözlərini yazdı.
Daha sonra Prezident Abdullah Gül XVIII əsrdə Şərq memarlığı üslubunda tikilmiş Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış oldu, Şəkinin tanınmış ziyalıları ilə görüşüb söhbət etdi. Məlumat verildi ki, Şəki sənətkarlıq və ticarət şəhəri olduğundan XVIII-XIX əsrlərdə burada çoxlu sayda bazar və karvansaraylar tikilmişdir. Azərbaycana gələn tacir və səyyahların qaldıqları və əsasən ticarətlə məşğul olduqları bu karvansaraylar şəhər həyatında mühüm yer tuturdu. Şəhər karvansarayları həm də ticarət sazişlərinin bağlanılması üçün xüsusi yer hesab olunurdu. Əvvəllər Şəkidə 5 karvansaray binası mövcud olmuşdur. Onlardan yalnız ikisi – Yuxarı və Aşağı karvansaraylar indiyədək qalmışdır. Ümumi sahəsi 6 min kvadratmetr, hündürlüyü 14 metr olan kompleks 300-dən artıq otaq və zirzəmidən ibarətdir. Yuxarı Karvansaray öz ölçüləri və həcminə görə Azərbaycan ərazisində mövcud olan ən böyük karvansaray hesab edilir. Bu karvansaraya bir qayda olaraq Türkiyə, Rusiya və İrandan tacirlər gəlir, burada uzun müddət ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir.   
E-mail vasitəsi ilə göndər Çap üçün

ŞƏKİDƏKİ ATÇILIQ TURİZM MƏRKƏZİNDƏ İNFOTUR KEÇİRİLMİŞDİR
     Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsi və Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə avqustun 3-dən 5-dək daxili turizm bazarında fəaliyyət göstərən aparıcı şirkətlər və KİV nümayəndələri üçün infotur keçirilmişdir.
     Ölkədə atçılıq turizminin təbliği və təşviqi məqsədi ilə keçirilmiş infoturda 7 turizm şirkəti və KİV nümayəndələrinin daxil olduğu 20 nəfərlik qrup iştirak etmişdir.
    Proqrama
uyğun olaraq, infoturun ilk günü iştirakçılar tədbirin keçirildiyi Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzi ilə yaxından tanış olmuş, ilkin atsürmə vərdişlərinə yiyələnmişlər.
     Növbəti gün infotur iştirakçıları Daşbulaq kəndi ərazisində yerləşən Çorğat meşəsinə atüstü yürüş təşkil etmişlər. 15 kilometrlik məsafəni 5 saata qət edən iştirakçılar yol üstündə yerləşən qədim alban məbədləri və digər tarixi abidələrlə tanış olmuşlar.
     Avqustun 5-də iştirakçılar Şəki şəhərinin tarixi abidələri, o cümlədən “Yuxarıbaş” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki xanlarının sarayı, tarix-diyarşünaslıq, xalq tətbiqi sənəti muzeyləri ilə tanış olmuşlar.
     “Sənətkarlar evi”ndə yerləşən Turizm İnformasiya Mərkəzində infotur iştirakçıları üçün konfrans keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin məsul nümayəndəsi Adil Adilov, Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Rafiq Ramazanov, Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev çıxış edərək infoturun məqsədi barədə danışmış, Şəkinin turizm imkanları, yeni atüstü turist marşrutları barədə məlumat vermişlər.
     Sonra iştirakçıların sualları cavablandırılmış, onlara Şəkinin tarixi abidələrindən bəhs edən bukletlər, habelə turist marşrutları, atsürmə qaydaları və digər məsələlərlə bağlı metodiki vəsaitlər paylanılmışdır.  
E-mail vasitəsi ilə göndər Çap üçün

Səhifəyə keçid  [1] 2 3 ... 48 49 50

Müdrik Kəlamlar
Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər. Heydər Əliyev.

Qalereyadan Şəkillər


Elanlar


Elanlar arxivi
Arxivi göstər
Sorğu


Səhifəmizə haradan qoşulursunuz?



Azərbaycandan

Xaricdən




Səslər: 2764
Öncəki Sorğular


Xəbərlər 2010
BeÇaÇşCaCmŞbBr
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 

RSS Xətti
Bütün xəbərlər RSS vasitəsi ilə təqdim olunur.
rss1.0
rss2.0
rdf
|Sayt "MicroEnn Group Production" MMC tərəfindən dizayn və redaktə edilmişdir.|
Saytda texniki səhv gördüyünüz zaman xahiş olunur dərhal bu haqda office@microenn.com adresinə məktub yazaraq bildirin.
İstifadə olunan proqram təminatı e107 CMS


|Bütün hüquqlar Şəki Şəhər İcra Hakimiyyətinə Məxsusdur.|
İstifadə olunan hər bir məlumatın sonunda mənbə olaraq www.sheki-ih.gov.az saytının göstərilməsi mütləqdir.