Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul edib

01 may 2016 | 02:04

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 29-da Şəki şəhərindən, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
Qəbuldan əvvəl Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ümummilli lider Heydər Əliyevin Şəki Şəhər İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Yevlax Gömrük İdarəsinin Şəki gömrük postunun inzibati binasında keçirilən, komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları barədə olub.
Qəbul zamanı komitə sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq tapşırıqlarını verib.
Vətəndaşlar onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
Qəbuldan sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında qəbul zamanı 19 müraciətin dinlədildiyini bildirib. Diqqətə çatdırılıb ki, bu müraciətlərdən 12-si gömrük orqanlarına işə düzəlmə və işə bərpa olunma, qalan müraciətlər isə gömrük işi ilə bağlı olub. Komitə sədrinin bildirdiyinə görə, qəbul zamanı gömrük rəsmiləşdirilməsi ilə bağlı hər hansı bir şirkətdən və ya sahibkarlıqla məşğul olan fiziki şəxslərdən heç bir müraciət daxil olmayıb.

Keçidlər