Şriftin ölçüsü :

Saytın rəngi :

Fransanın Azərbaycandakı səfiri Şəkidə olmuşdur

01 may 2016 | 02:04

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez aprelin 28-29-da Şəkidə olmuşdur.
Fransalı diplomat  əvvəlcə Bəxtiyar Vahabzadə adına şəhər 1 nömrəli tam orta məktəbdə olmuşdur. Məktəbdə fransız dilini və mədəniyyətini təbliği sahəsində xidmətlərinə görə fransız dili müəllimi, məktəbin direktoru Tahirə Cabbarovaya  "Akademik palma budağı" mükafatının təqdimetmə mərasimi keçirilmişdir. Sonra Kolmar şəhərinin bələdiyyəsi tərəfindən hədiyyə olaraq göndərilmiş dərslik və ədəbiyyat məktəbə hədiyyə etmişdir.
Səfər çərçivəsində səfir Orelia Buşez “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin açılışına həsr olunan tədbirlərdə iştirak etmişdir.
Aprelin 29-da səfir Orelia Buşez şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşmüşdür.
Qonağı səmimi salamlayan Elxan Usubov bildirmişdir ki, Fransa ilə Azərbaycan arasında yaxın əlaqələr var. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransada Azərbaycan mədəniyyətinin təlliği, mədəni irsimizin qorunması sahəsində çox işlər görür. İki ölkə arasında qardaşlıq əlaqələri qurulur. Şəki şəhəri Fransanın Kolmar şəhəri ilə qardaşlaşmışdır. 2015-ci ilin may ayında Şəkidə, noyabr ayında isə Kolmar şəhərində iki şəhər arasında dostluq və əməkdaşlıq xartiyasının imzalanma mərasimləri keçirilib. Şəkilin ali təhsil müəssisəsində fransız dili fakültəsi var, 13 orta məktəbdə fransız dili tədris olunur. Müəllimlər arasında təcrübə mübadiləsi aparılır.
Fransalı diplomat Şəkidə olmağından məmnun olduğunu, qədim tarixi olan Şəkinin gələn qonaqlarda yüksək təəssürat oyatdığını bildirmiş, Şəkinin Türk dünyasının mədəniyyat paytaxtı elan edilməsinin çox doğru qərar olduğunu vurğulamışdır.
Görüşün sonunda səfirə Şəkinin tarixini və mədəniyyətini özündə əks etdirən hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, səfər çərçivəsində Fransa səfiri Şəkinin qədim tarixi abidələri və görməli yerləri ilə də tanış olmuş, Fransa Müqavimət Hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ev-muzeyini ziyarət etmişdir.

Keçidlər