Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə zona müşavirəsi keçirilib

17 may 2016 | 02:05

Azərbaycanda həyata keçirilən multikulturalizm bütün dünyaya nümunədir və ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin daha da möhkəmlənməsində mühüm rol oynayır.
Bu fikir Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə mayın 14-də Şəkidə keçirilən “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda zona müşavirəsində səsləndirilib.
Tədbirdə YAP Şəki şəhər, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayon təşkilatlarının Qadınlar Şurasının sədrləri, partiyanın fəal üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Müşavirənin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP Şəki şəhər təşkilatının sədri Həsən Həsənov açaraq Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasının heç də təsadüfi olmadığını, ölkəmizin multikulturalizmin əsas məkanlarından biri olduğunu vurğulayıb. Bildirilib ki, müxtəlif etnik qrupların, millətlərin, dinlərin mövcud olduğu Azərbaycanda dilindən, dinindən, əqidəsindən asılı olmayaraq hamı vahid bir ailənin üzvü kimi yaşayır və bu sahədə xalqımızın tolerantlığı bütün dünya ölkələrinə nümunə ola bilər.
YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva ölkəmizdə əsrlərdən bəri mövcud olan multikulturalizm ənənələri barədə danışıb. Bildirilib ki, Azərbaycanda əsrlər boyu müxtəlif xalqların, millətlərin, dinlərin nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayıb və indi də yaşayırlar. Fəxrlə demək olar ki, bu gün Azərbaycan multikulturalizm modelini dünyaya çatdırır, təbliğ edir.
Azərbaycanda multikulturalizmlə bağlı dövlət siyasətinin mövcud olduğunu diqqətə çatdıran Sevinc Fətəliyeva bu siyasətin əsasının ötən əsrin 90-cı illərinin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra Ulu Öndər ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim edib və Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək, onu keyfiyyətcə yeni müstəviyə keçirib.
Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, istər siyasi, istərsə də iqtisadi və digər sahələrdə qazanılan nailiyyətlər tolerantlıq nümunəsi olan, yüksək imicə sahib Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtmaqla bərabər, həm də dünyanın diqqətini respublikamıza yönəldib. Vurğulanıb ki, Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətə layiqdir. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət, ayrı-ayrı təşkilatlar, siyasətçilər, dövlət xadimləri əminliklə Azərbaycanın mədəniyyətlərin, dinlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkə olduğunu deyirlər.
YAP Şəki şəhər təşkilatının Qadınlar Şurasının sədri, şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirib ki, müstəqil Azərbaycanın mədəni siyasət strategiyasında multikulturalizm ideyaları önəmli yer tutur. Bu, hər şeydən əvvəl qloballaşan və sürətlə dəyişən dünyada sosial-mədəni dəyişikliklər şəraitində yanaşı yaşama problemi ilə bağlıdır. Multikultural cəmiyyətin formalaşmasında və inkişafında plüralizm və demokratiya, insan haqları kimi amillər başlıca şərtdir və bunların hamısı Azərbaycanda təmin olunub.
Əsrlər boyu Azərbaycanda insanların multikultural və tolerantlıq şəraitində yaşadığını və indi də yaşadıqlarını vurğulayan Zərinə Cavadova bildirib ki, bu, ilk növbədə, ölkə əhalisinin etnik, irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda əsasını qoyduğu multikulturalizm siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və fərqli mədəniyyətlərin, konfissiyaların həyat tərzinə çevrilməkdədir.
Müşavirədə YAP Zaqatala rayon təşkilatının Qadınlar Şurasının sədri, rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, YAP Balakən rayon təşkilatının Qadınlar Şurasının üzvü Şəfəq Hacıyeva və YAP Oğuz rayon təşkilatının Qadınlar Şurasının üzvü Təranə Zəkəriyeva çıxış edərək ölkəmizdə mövcud olan multikulturalizm ənənələrindən, qadınların cəmiyyətdəki fəal rolundan danışıblar.

Keçidlər