Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki məktəbliləri tolerantlıq və dinlərarası dialoq barədə maarifləndirilib

18 may 2016 | 06:05

Bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərindən biri kimi təbliğ edildiyi tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətlərindən biridir.
Bu fikir Şəki Şəhər İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi və şəhər təhsil şöbəsinin birgə təşkilatçılığı ilə mayın 16-da şəhərdəki 5 nömrəli tam orta məktəbdə keçirilən “Tolerantlıq, dövlət-din münasibətləri və dinlərarası dialoq” mövzusunda maarifləndirici tədbirdə səsləndirilib.
Məktəbin yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə şəhər icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov çıxış edərək, dövlətin din sahəsində siyasətinin əsas prinsipləri və onların mahiyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, bu gün ölkəmizdəki dövlət-din münasibətlərinin mövcud səviyyəsi nümunəvi model kimi qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsidir ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib.
DQİDK-nin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxışında dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edib. Bildirilib ki, son illər dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Ölkəmiz beynəlxalq miqyasda dinlər və mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 625 islam, 37 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin martında məhz Bakı şəhərində açılıb.
Vurğulanıb ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, bu sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirin sonunda “Azərbaycan - tolerantlıq nümunəsi” adlı video-çarx nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər