Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü selin Şəkidə yaratdığı fəsadlar aradan qaldırılır

05 iyul 2016 | 10:07

Məlum olduğu kimi, iyulun 2-də axşam saatlarından başlayaraq Şəki rayonunun dağlıq ərazisinə yağan güclü leysan nəticəsində rayon ərazisindən axan Kiş və Şin çaylarına sel gəlib.
    Təxminən 4 metr qalınlığında lilli selin gəlməsi nəticəsində Kiş kəndinin girişindəki körpü, həmçinin kəndin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə gedən istiqamətdə körpülər dağılıb, 200 metr uzunluğunda təbii qaz borusu, 4 ədəd elektrik dirəyi, 2 min metrdən çox içməli su borusu sıradan çıxıb. Təbii fəlakət nəticəsində ətraf ərazi lillə örtülüb, bir neçə sakinin həyətyanı və fərdi təsərrüfat sahələrini lilli su basıb, bəzi sahibkarlıq obyektlərinə ziyan dəyib. Selin vurduğu ziyan nəticəsində Şəki şəhərinin, Oxud və Kiş kəndlərinin əhalisinin içməli su, həmçinin Kiş kəndinin elektrik enerjisi və təbii qaz ilə təchizatında problem yaranıb. Təbii fəlakət nəticəsində Şin çayının yuxarı hissəsində quraşdırılmış qoruyucu su bəndinin bir hissəsi dağılıb.
     Yaranmış vəziyyətlə əlaqədar təbii fəlakət zonasının yaxınlığında şəhər icra hakimiyyətinin məsul işçilərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə operativ qərargah yaradılıb. Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının iştirakı ilə fəlakət baş verən əraziyə dərhal baxış keçirilib. Təhlükəli ərazidə yaşayan əhalinin təxliyyəsi, seldən mühafizə və ərazinin lil qatından təmizlənməsi məqsədilə müvafiq texnikalar cəlb edilib. Kiş çayının yaxınlığında yerləşən istirahət mərkəzlərində köməksiz qalan 80 nəfər vətəndaş təxliyyə edilib.
    Hazırda aidiyyəti dövlət qurumları - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” və “Azəravtoyol” açıq səhmdar cəmiyyətləri, Fövqəladə Hallar Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirirlər.
   Kiş kəndinə elektrik enerjisinin verilişi tam bərpa olunub. Kəndi elektrik enerjisi ilə təchiz edən 8 transformatordan 6-sı hazırda tam işlək vəziyyətə gətirilib. Yaxın günlərdə təbii fəlakət nəticəsində sıradan çıxmış 200 metr uzunluğunda təbii qaz xəttinin də bərpasına başlanacaq.
   Təbii fəlakət nəticəsində şəhəri içməli su ilə təmin edən kollektoru, drenaj şəbəkəsini lil, palçıq basıb. Hazırda qurğuların lildən təmizlənməsi istiqamətində iş aparılır. İlkin hesablamalara görə, sel təxminən 5500 metr uzunluğunda magistral su xəttini aparıb, 2 su anbarı, suqəbuledici qurğu dağılıb. Hazırda əhalinin içməli su ilə təminatı məqsədilə  su maşınları ayrılıb. Günün sonunadək şəhərə suyun verilməsi qismən bərpa olunacaq. Iyunun 5-dən isə şəhərin su təchizatı qaydaya düşəcək.
    Kiş kəndini şəhərlə birləşdirən yolun üzərindəki iki aşırımlı 74 metr uzunluğunda körpünün bərpası ilə əlaqədar müvafiq komissiya yaradılıb və müvəqqəti istifadə üçün həmin ərazidə alternativ yolun salınmasına hazırlıq görülür.
      Şəhər Telekommunikasıya Qovşağının mütəxəssisləri Kiş kəndinin rabitə sisteminin dayanıqlılığının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirirlər. Görülmüş tədbirlər nəticəsində hazırda kənd əhalisi telefon rabitəsi və internetdən normal şəkildə istifadə edir.
      Şəkidə təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Keçidlər