Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarının tarixi məkanları ilə tanış olacaqlar

18 noyabr 2016 | 09:11

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Şəki məktəblilərindən ibarət qrup noyabrın 17-də səhər saatlarında Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola salınıb.
Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən yolasalma mərasimində çıxış edən qrupun rəhbəri, şəhər icra hakimiyyətinin məsul əməkdaşı Günəş Əzimova dövlətimizin başçısının təşəbbüsü ilə gerçəkləşən layihənin əhəmiyyətindən danışıb. Bildirilib ki, məktəblilər bu tur-aksiya vasitəsilə ölkəmizin müxtəlif bölgələri, oradakı tarixi abidələr, qədim yaşayış məskənləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Diqqətə çatdırılıb ki, layihənin noyabrın 12-də startı verilən ilk mərhələsində qədim Şəki diyarı respublikamızın 8 rayonundan 360 nəfər tur-aksiya iştirakçısını qəbul edib. Bu dəfə isə Şəkiyə daha 11 rayondan 500-ə yaxın məktəbli və müşayiətçinin səfəri nəzərdə tutulub.
Dörd gün davam edəcək səyahət zamanı tur-aksiya iştirakçıları Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerləri ilə tanış olacaq, intellektual oyunlarda iştirak edəcəklər.
Tur-aksiyanın iştirakçısı, Şəki şəhərindəki 5 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Jalə Məhərrəmova sevincini bu sözlərlə ifadə edib: “Qubadakı Soyqırımı Memorial Kompleksini, həmçinin Qusardakı “Şahdağ” Qış-Yay Turizm Kompleksini görmək çoxdankı arzum idi. Sevinirəm ki, Prezidentimizin bizə hədiyyə etdiyi bu layihə vasitəsilə mən həmin məkanları öz gözlərimlə görəcəyəm”.
Söhbətə qoşulan şəhər 14 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Aysel Məmmədova və 20 saylı məktəbin 11-ci sinif şagirdi Orxan Nadirli də tur-aksiyanın Azərbaycanı yaxından tanımaq, tarixini öyrənmək, təbiət gözəlliklərini duymaq, tarixi məkanları ilə yaxından tanış olmaq üçün çox yaxşı vasitə olduğunu bildiriblər.
Müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşüblər.

Keçidlər