Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Qayabaşı kəndinə təbii qaz verilib

22 dekabr 2016 | 07:12

Şəkinin ucqar yaşayış məntəqələrindən olan Qayabaşı kəndinə dekabrın 21-də uzun illər fasilədən sonra təbii qaz verilib.
385 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 2 min 217 metr uzunluğunda polietilen və 28 min 606 metr uzunluqda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər paytaxtla yanaşı, regionlarda da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildiriblər. Vurğulanıb ki, rayonun ucqar yaşayış məntəqələrindən olan və Şəki şəhərindən 65 kilometr məsafədə yerləşən Qayabaşı kəndinə yenidən təbii qazın verilməsi dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğıya bariz nümunədir.
Diqqətə çatdırılıb ki, hazırda rayonun 40-a yaxın yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Eyni zamanda, daha 4 kəndin – Şəkikənd, Kiçik Dəhnə, Baş Göynük və Baş Layısqı kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Tezliklə bu kəndlərə də ardıcıllıqla təbii qazın verilməsi təmin olunacaq.
Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində kəndə “mavi yanacağ”ın verilməsinin onlar üçün bayram hədiyyəsi olduğunu deyiblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.

Keçidlər