Şriftin ölçüsü :

Saytın rəngi :

Tur-aksiya çərçivəsində 6 rayonun məktəbliləri Şəkidə

24 mart 2017 | 03:03

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi ilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları davam edir.
Aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, İmişli və Füzuli rayonlarının məktəblilərindən ibarət qruplar səfərin birinci günü, martın 23-də qədim Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar.
Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə Şəkinin tarixi, mədəniyyəti, turizm potensialı barədə qısa məlumat verib. Diqqətə çatdırılıb ki, 2700 ildən çox yaşı olan bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur.
Bildirilib ki, layihənin bu il martın 16-dan 19-dək davam edən birinci mərhələsində qədim Şəki respublikamızın 9 şəhər və rayonundan üç yüzdən artıq məktəblini qəbul edib. Tur-aksiyanın ikinci mərhələsində isə respublikamızın 11 rayonunun məktəbliləri Şəkinin, eləcə də qonşu rayonlarının tarixi məkanları ilə tanış olacaqlar.
“Marxal” müalicə-istirahət kompleksində yerləşən 6 rayonun məktəbliləri günün ikinci yarısında “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, zəngin tarixə, yüksək mədəniyyətə malik olan Şəki şəhəri ta qədimdən sənətin və sənətkarlığın inkişaf etdiyi ərazilərdən biri olub. Burada memarlıq, tətbiqi sənət, şəbəkə, ağac üzərində oyma, dulusçuluq və digər sənət növləri yüksək səviyyədə inkişaf edib. Şəki sənətkarlarının gərgin əməyi sayəsində bu qədim şəhərdə çox zəngin tarixi-mədəni irs yaranıb.
Bildirilib ki, Şəki xanlarının sarayı XVIII əsrə aid nadir tarix-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Xan sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarının ürəyincə olub. Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Tur-aksiya iştirakçıları sonra Qoruğun ərazisində yerləşən Tarix-Diyarşünaslıq və Xalq Tətbiqi Sənəti muzeylərində, V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana-kompleksində olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.
Səfər proqramına uyğun olaraq, tur-aksiya iştirakçıları martın 24-də Zaqatala rayonunun tarixi məkanları ilə tanış olacaqlar.

Keçidlər