Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 578 min manat güzəştli kredit verilib

03 iyun 2017 | 07:06

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə iyunun 1-də Şəki rayonunda keçirilən işgüzar forum çərçivəsində Şəki və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 578 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, tütünçülük, çiyələk əkini və digər sahələrin inkişafına yönəldiləcək.
Tədbir çərçivəsində əvvəlcə rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Şəki rayonunun iqtisadi potensialına uyğun olaraq iri fermer, bağçılıq, cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar, tütün emalı, süd emalı müəssisəsi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Diqqətə çatdırılıb ki, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
İşgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 2141 investisiya layihəsinin maliyyələşdirilməsinə 98,7 milyon manat güzəştli kredit verilib. Dövlət başçısının tütünçülüyün inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahəyə dövlətin maliyyə dəstəyi daha da gücləndirilib. Ümumilikdə, indiyədək tütünçülük sahəsində fəaliyyət göstərən 80-ə yaxın sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilib.
Diqqətə çatdırılıb ki, Fond tərəfindən bu günədək Şəki rayonundan olan 474 sahibkara 28,6 milyon manat güzəştli kredit ayrılıb.
Tədbir çərçivəsində Şəkidə dövlətin güzəştli krediti ayrılan tütünçülük təsərrüfatına baxış keçirilib.

Keçidlər