Şriftin ölçüsü :

Saytın rəngi :

Firəngiz Əlizadə: İnanırıq ki, festivalımız yenə də musiqi, dostluq və həmrəylik bayramına çevriləcək

29 iyun 2017 | 04:06

Artıq səkkizinci dəfədir ki, biz Şəkidə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına başlayırıq. Müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim edilərək musiqisevərlərə xoş bayram ovqatı bəxş olunacaq.
Bu sözləri Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh Artisti Firəngiz Əlizadə festivalın açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Festivalın proqramının həmişəki kimi, çox zəngin olduğunu vurğulayan F.Əlizadə 2017-ci ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar builki festivalda müsəlman ölkələrindən olan iştirakçılara üstünlük verildiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmişə olduğu kimi, yenə də qardaş Türkiyədən və İrandan gəlmiş musiqi kollektivləri maraqlı konsert proqramları ilə tamaşaçıları sevindirəcəklər. Bundan əlavə, müxtəlif xarici ölkələrdən, o cümlədən Yaponiyadan, Polşadan, Macarıstandan və Gürcüstandan dəvət olunmuş kollektivlər festival iştirakçılarına və şəkililərə ənənəvi milli incəsənətin qədim mərasimlərlə müşayiət olunan teatrlaşdırılmış konsertlərini nümayiş etdirəcəklər.
“İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı yenə də insanların qəlbində gözəl duyğular, silinməz təəssüratlar yaradacaq”, - deyə Firəngiz Əlizadə bildirib.

Keçidlər