Şriftin ölçüsü :

Saytın rəngi :

“İpək Yolu” festivalında Gürcüstanın uşaq rəqs kollektivi çıxış edib

02 iyul 2017 | 03:07

Şəkidə davam edən “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 30-da axşam musiqisevərlərə Gürcüstanın “Tolige” uşaq xoreoqrafik ansamblının konserti təqdim olunub.
“Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, musiqisevərlər, həmçinin kompleksdə istirahət edən yerli və xarici qonaqlar iştirak ediblər.
Konsertin əvvəlində məlumat verilib ki, “Tolige” xoreoqrafik ansamblı 2012-ci ildə Diana Bliadze və David Pridonaşvili tərəfindən yaradılıb. Ansamblın tərkibi 12-15 yaşlı uşaqlardan ibarətdir. Kollektiv bir neçə dəfə Bolqarıstanda və Türkiyədə qastrol səfərlərində olub, bu ölkələrdə təşkil edilən beynəlxalq musiqi festivallarında Qran-pri mükafatına layiq görülüb. Ansambl, eyni zamanda, Gürcüstanda keçirilən tədbir və müsabiqələrdə də tez-tez iştirak edir. 2016-cı ildə bu ansambl Suxişvili adına mükafatla da təltif olunub.
Konsert zamanı rəqs ansamblının təqdim etdiyi bir-birindən maraqlı, oynaq, şux rəqslər, həmçinin Şəkinin gənc musiqiçilərinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertdən sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalda fəal iştirak etdiklərinə görə Gürcüstan rəqs kollektivinin üzvlərinə təşkilatçılar adından minnətdarlıqlarını bildiriblər.
Kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
Xatırladaq ki, Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının sonuncu günü - iyulun 1-də musiqisevərlərə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının konsertləri təqdim olunacaq.

Keçidlər