Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin ümumtəhsil məktəblərini bitirən 674 məzun tələbə adını qazanıb

12 sentyabr 2017 | 08:09

Şəki rayonunun təhsil işçiləri 2016-2017-ci tədris ilində gənc nəslin təlim-tərbiyəsi, onların kamil insan və hərtərəfli şəxsiyyət kimi yetişdirilməsi işlərində üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetiriblər. Ötən tədris ilində Şəkinin ümumtəhsil məktəblərini 1688 məzun bitirib, onlardan 674-ü tələbə adını qazanıb. Tədris ilinin yekunlarına görə, 3 məzun Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülüb. Tədris ilində Şəki məktəblərinin 104 yetirməsi respublika və beynəlxalq səviyyəli yarış və müsabiqələrdə iştirak edib. Onlardan 71-i qaliblər sırasında yer alıb.
Bu barədə Şəki rayonunun təhsil işçilərinin sentyabrın 11-də keçirilən ənənəvi konfransında məlumat verilib.
Konfransda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Bildirilib ki, bütün bunlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil işçilərinə hərtərəfli qayğısının nəticəsidir. Bu diqqət və qayğı Şəkidən də yan keçməyib. Təkcə son 5 ildə rayonda 25 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub.
Konfransda şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılovanın 2016-2017-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi dinlənilib.
Bildirilib ki, ötən dərs ilində Şəkinin 96 ümumtəhsil məktəbində 26 min 166 şagird təhsilə cəlb edilib. Dərs ilinin yekunlarına görə, 1688 nəfər attestat, 1932 nəfər isə əsas təhsil haqqında şəhadətnamə alıb. Ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş məzunlardan 145-i 500 baldan, 60-ı isə 600 baldan yuxarı nəticə göstərib. İmtahanlarda şəhər 18 nömrəli tam orta məktəbin məzunu Əfsanə Rəsulova rayon üzrə hamıdan çox (685) bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Şəhər 19 nömrəli tam orta məktəbin məzunu Qönçə Muradlı 684, şəhər 10 nömrəli tam orta məktəbin məzunu Səfurə Eminova isə 681 bal toplayıblar.
Diqqətə çatdırılıb ki, cari ilin mayında müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən imtahanda Şəki rayonu üzrə 3 min 310 müəllim iştirak edib. Onlardan 1098-i 40-49 bal, 677-si 50-59 bal, 4-ü isə maksimum nəticə göstərərək 60 bal toplayıblar. Şəki rayonu üzrə müəllimlərin topladıqları orta imtahan balı 40,1 olub.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərə toxunan məruzəçi sentyabrın 15-də rayonun kəndlərində 3 modul tipli məktəb binasının istifadəyə veriləcəyini, Baş Zəyzid kəndində 624 şagird yerlik yeni məktəb binasının tikintisinin davam etdirildiyini diqqətə çatdırıb.
Konfransda Təhsil Nazirliyinin nümayəndəsi Səadət Veysova ölkəmizdə təhsilə göstərilən yüksək dövlət qayğısından danışıb, müəllimlərə tövsiyələrini bildirib.
Konfransın sonunda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlara, respublika müsabiqələrində fərqlənən məktəblilərə, həmçinin diaqnostik qiymətləndirmədə maksimum nəticə (60 bal) göstərən müəllimlərə hədiyyələr təqdim olunub.

Keçidlər