Şriftin ölçüsü :

Saytın rəngi :

“İstək” liseyinin Şəki kampusu fəaliyyətə başlayıb

22 sentyabr 2017 | 09:09

      Sentyabrın 21-də “İstək” liseyinin Şəki kampusunun açılış mərasimi olub. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti və “İstək” liseyinin rəhbərləri, təhsil işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri, liseyin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə “İstək” liseyinin direktoru Samir Şəmiyev bu təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verib. Direktor liseyin Şəki kampusunun açılması ilə əlaqədar yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəki “İstək” liseyinin bölgənin təhsil həyatı üçün mühüm əhəmiyyətini xüsusi vurğulayaraq, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbir iştirakçıları sonra liseydə yaradılan şəraitlə tanış olublar. Şəki “İstək” liseyi müasir maddi-texniki baza, geniş, işıqlı sinif otaqları, kimya, biologiya, fizika, kompüter laboratoriyaları, idman meydançaları, kitabxana, beynəlxalq tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub. Liseydə tədris peşəkar pedaqoji təcrübəyə malik müəllimlər tərəfindən aparılır. Burada qız və oğlan şagirdlər birlikdə təhsil alırlar. Hazırda V-IX siniflərin təhsil aldığı liseydə Şəki şəhəri və ətraf rayonlardan olan şagirdlər üçün yataqxana da mövcuddur.
Xatırladaq ki, “İstək” liseyi I-XI sinif şagirdlərinə Azərbaycan və beynəlxalq bölmələr üzrə təhsil xidməti göstərən ümumtəhsil müəssisəsidir. 2014-cü ildə təsis olunan lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq lisenziyası əsasında Bakı, Sumqayıt, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir, Gəncə və Şəki şəhərlərində fəaliyyət göstərir. Ötən tədris ilinin yekunlarına görə, liseyin məzunlarının 100 faizi ali təhsil müəssisələrinə qəbul olunub. Onların 31 faizi ABŞ, Avstriya, Cənubi Koreya, Çexiya, Çin, Gürcüstan, Hindistan, Hollandiya, İngiltərə, Kanada, Litva, Macarıstan, Polşa, Sinqapur və Türkiyə kimi inkişaf etmiş ölkələrdə yerləşən universitetlərdə təhsil almaq imkanı qazanıblar. Ötən tədris ilində liseyin şagirdləri fənn və layihə olimpiadalarında da yüksək nəticə göstəriblər. Onlar respublika fənn və layihə olimpiadalarında 15 qızıl, 15 gümüş və 15 bürünc medal əldə ediblər. Bundan əlavə, liseyin şagirdləri ABŞ, Rusiya, Braziliya, İndoneziya, Tailand, Bolqarıstan, Makedoniya, Rumıniya və Qazaxıstanda keçirilən beynəlxalq fənn və layihə olimpiadalarında 8 qızıl, 7 gümüş və 33 bürünc medal qazanmağa müvəffəq olublar.

Keçidlər