Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Avropa İttifaqının dəstəyi ilə səhnələşdirilmiş “Kralın yeni libası” tamaşasının premyerası olmuşdur

23 sentyabr 2017 | 10:09

     “Avropa İttifaqı Avtobus Turu-2017” layihəsi çərçivəsində Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Avropa İttifaqının dəstəyi ilə səhnələşdirilmiş “Kralın yeni libası” nağıl-tamaşasının  premyerası olmuşdur.
Tamaşada şəhər rəhbərliyi ilə yanaşı Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri və səfirlikləri təmsil edən şəxslər iştirak etmişdir.
Tamaşadan əvvəl çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə  Avropa ittifaqının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “Şəki Avropa şəhərciyi” adlı tədbirin təşkilinə, həmçinin Hans Xristian Andersenin “Kralın təzə libası“ tamaşasının hazırlanmasına görə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinə təşəkkür etmiş, Şəki teatrına yeni yaradıcılıq uğurları arzulamışdır.
Sonra “Kralın yeni libası” nağıl-tamaşası nümayiş olunmuşdur. Qeyd edək ki, məktəblilər və azyaşlı izləyicilər üçün nəzərdə tutulmuş  tamaşanın bədii rəhbəri Mirbala Səlimli, quruluşçu rejissoru Arzu Əhmədova, quruluşçu rəssam Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Əsas rolları əməkdar artist İqrar Salamov, aktyorlardan Orxan Həmidli, Fidan Lətifova, Rəşid Mirizadə, Günay Novruzəliyeva, İlyas Əsədov, Qurban Rəsulov və başqaları canlandırıblar. Tamaşa azyaşlı izləyicilərin böyük marağına səbəb olmuşdur.
Qeyd edək ki, “Avropa İttifaqı Avtobus Turu-2017” layihəsi çərçivəsində həmin gün ADPU-nun Şəki filialında tələbələr üçün Avropa İttifaqı, onun tarixi, strukturu, Azərbaycanla əlaqələri barədə təlim sessiyası keçirilmiş, səfirlərin iştirakı ilə “Tolerantlıq” mövzusunda tələbə debatları təşkil olunmuş, “Avropa Kitab Güşəsi”nin açılışı olmuşdur. Şəki şəhər Qarışıq tipli uşaq evində tərbiyə olunan uşaqlar və Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdləri üçün Avropa nağıllarının oxunması, rəsm müsabiqəsi təşkil olunmuş, onlara hədiyələr verilmişdir.

Keçidlər