Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Azərbaycanın xalq artisti Sona Hacıyevanın yubileyi münasibətilə xatirə tədbiri keçirilib

25 oktyabr 2017 | 03:10

Oktyabrın 24-də  Azərbaycanın xalq artisti, aktrisa  Sona Hacıyevanın  anadan olmasının 110 illiyinə həsr olunmuş  “Dünya, səndən kimlər keçdi”  adlı xatirə tədbiri keçirilib.
       M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, aktrisanın ailə üzvləri iştirak edib.
       Əvvəlcə xalq artisti Sona Hacıyevanın yaradıcılığına həsr olunmuş videorolik nümayiş olunub.
       Sonra tədbirdə çıxış edən Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi  Mirvari Zeynalova  yubilyarın həyat və yaradıcılığından danışıb.
       Bildirilib ki, aktrisa Sona Hacıyeva uzun illər Azərbaycan  Dövlət Dram  Teatrında  çalışaraq  müasir və klassik dramatuqların əsərlərinin tamaşalarında  diqqəti cəlb edən  obrazlar yaradıb. Eyni zamanda, o, Opera və  Balet  Teatrında  da  çıxış  edib. Onun yaratdığı  Leyli, Əsli, Asya, Şahsənəm  obrazları  tamaşaçılar  tərəfindən  çox maraqla qarşılanıb.
       Qeyd olunub ki, Sona  Hacıyeva  eyni zamanda  Azərbaycan kino  sənətinin inkişafına  xidmətlər  göstərib. O, ”Bəxtirar”, “Qızmar günəş altında”, “Səhər”, ”O olmasın, bu olsun”  bədii  filmlərində  çəkilib.
      Diqqətə çatdırılıb ki, aktrisanın  səhnə fəaliyyəti  yüksək  qiymətləndirilib. O, 1933-cü ildə  Əməkdar  artist, 1949-cu ildə isə  Xalq  artisti  fəxri adlarına  layiq görülüb. 2016-cı ildə Şəki Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Şəki şəhərindəki küçələrdən birinə onun adı verilib.
       Tədbirdə çıxış edən Şəki Şəhər İcra hakimiyyətinin başçısının müavini Zərinə Cavadova aktrisa  Sona Hacıyeva haqqında xatirə və düşüncələrini bölüşüb.
      Sonda yubilyarın ailə üzvləri adından çıxış edən Vaqif Əhmədov tədbirin ərsiyə gəlməsində xidmətləri olan hər bir kəsə  öz təşəkkürünü bildirib.
       Tədbirdə aktrisanın rol aldığı filmlərdən kadrlar nümayiş olunub. oynadığı tamaşalardan parçalar təqdim olunub, xalq mahnıları səslənib.

Keçidlər