Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə əmtəə nişanları, coğrafi göstəricilər anlayışı və bu sahədə qanunvericiliyə dair regional seminar-müşavirə keçirilib

27 oktyabr 2017 | 10:10

Azərbaycanda patent hüququ obyektlərinin mühafizəsi sahəsinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində reallaşdırılan islahatlar çərçivəsində oktyabrın 26-da Şəki şəhərində “Əmtəə nişanı, coğrafi göstəricilər və sənaye nümunələrinin anlayışı, bu sahədə Azərbaycan və beynəlxalq qanunvericilik, beynəlxalq sistemlərlə əlaqə və mühafizə” mövzusunda regional seminar-müşavirə keçirilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Patent və Əmtəə Nişanları Mərkəzi və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Balakən, Zaqatala, Qax və Oğuz Rayon İcra hakimiyyətlərinin əməkdaşlığı ilə təşkil edilən seminarda aidiyyəti dövlət qurumlarının rəhbər işçiləri və mütəxəssisləri, sahibkarlar, həmçinin Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Milli Kulinariya Mərkəzinin nümayəndələri iştirak ediblər.
“Marxal” müalicə-istirahət kompleksinin konfrans zalında keçirilən tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov son illər ölkədə aparılan uğurlu iqtisadi islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın inkişafı, iqtisadiyyatın yüksək templə artması və şaxələndirilməsi, həmçinin qeyri-neft sektorunun iqtisadi inkişafda istiqamətverici və hərəkətverici rol oynaması nəticəsində Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün geniş imkanlar açıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, həyata keçirilən islahatlar Azərbaycanın ixrac potensialını əhəmiyyətli dərəcədə gücləndirib, ölkənin xarici ticarət əlaqələri xeyli genişlənib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini Niyazi Rəhimov seminarın rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların “Made in Azerbaijan” brendi altında təşviqi məqsədilə yerli coğrafi göstəricilərin təbliği və qeydiyyat prosesinə cəlb edilməsi, yerli əmtəə nişanlı malların xarici bazarlarda özünə yer tutması, bununla da Azərbaycan məhsullarının dünya bazarına çıxışını sürətləndirmək və ölkəmizin iqtisadi inkişafına töhfə vermək məqsədi daşıdığını diqqətə çatdırıb.
Komitə sədrinin müavini Prezident İlham Əliyevin təsdiq etdiyi iqtisadiyyatın əsas istiqamətləri üzrə strateji yol xəritələrinin əhəmiyyətini xüsusi vurğulayıb. Hazırda ölkəmizdə innovativ fəaliyyətə, elm tutumlu sənayenin inkişafına xüsusi diqqət verildiyini diqqətə çatdıran Niyazi Rəhimov ənənəvi biliklər və coğrafi göstəricilərin şamil olunduğu məhsulların inkişaf etmiş və perspektivli istehlak bazarlarında uğur qazandığını bildirib.
“Ölkə ərazisində müxtəlif iqlim qurşaqlarının mövcudluğu, bitkiçilik, heyvandarlıq, şərabçılıq məhsullarının, içməli su və ya səhiyyə təyinatlı təbii şəraitin mənşə yerləri ilə əlaqədar fərqli təkrarolunmaz xüsusiyyətlərə malik olması, kulinariya, xalçaçılıq və digər sahələrdə xidmətlərin inkişafı sənaye həcmli istehsalın inkişafını şərtləndirir və ixrac perspektivlərini artırır”, - deyə Komitənin rəsmisi bildirib.
Seminarda “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Günel Sevdimalıyeva çıxış edərək, qurumun fəaliyyəti barədə məlumat verib. Əqli mülkiyyət hüquqlarının qeyri-maddi aktiv olduğunu vurğulayan Mərkəzin rəsmisi sahibkarlıq fəaliyyətində istifadə imkanları – nizamnamə kapitalının artırılması, girov qoyulması və bununla bağlı qurum tərəfindən göstərilən qiymətləndirmə xidmətləri haqqında, həmçinin əmtəə nişanından qanunsuz istifadə ilə bağlı Mərkəz tərəfindən görülən hüquqi tədbirlər barədə geniş məlumat verib.
Günel Sevdimalıyeva coğrafi göstəricilərlə bağlı olan məhsulların müasir dövrdə aktuallıq kəsb etdiyini diqqətə çatdıraraq, istehlakçılar tərəfindən xüsusi məhsulların axtarıldığını, coğrafi mənşə ilə identifikasiya olunmuş, işarələnmiş qida məhsulları sahəsində tələbatın artdığını bildirib. Vurğulanıb ki, coğrafi ad sadəcə bir simvol deyil, bu ad, həm də istehlakçılar tərəfindən etibar göstəricisi kimi qəbul edilir.
Coğrafi göstəricilərin təşviqi və əmtəə nişanlarının qeydiyyatı baxımından son bir il ərzində Mərkəz tərəfindən görülmüş işlər barədə məlumat verən G.Sevdimalıyeva müxtəlif sahələrə aid ekspertlərdən ibarət işçi qrupunun yaradıldığını, son bir ildə 17 coğrafi göstəriciyə dair ərizənin daxil olduğunu, milli prosedur üzrə təxminən 30 minə yaxın əmtəə nişanının qeydiyyata alındığını, beynəlxalq saziş və protokola əsasən ölkəmizdə 50 minə yaxın əmtəə nişanının qeydiyyatının qüvvədə saxlanıldığını diqqətə çatdırıb.
Proqrama uyğun olaraq, günün ikinci yarısında əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin qorunmasının əhəmiyyəti, əmtəə nişanlarına dair iddia sənədlərinin tərtib olunması, verilməsi və baxılması qaydaları və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Keçidlər