Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq təşkilatların nümayəndələri Şəkiyə səfər ediblər

27 oktyabr 2017 | 10:10

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramı və Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbəri Kestutis Yankauskas və onları müşayiət edən şəxslər oktyabrın 26-da Şəki şəhərinə səfər ediblər.
Beynəlxalq təşkilatların nümayəndələri əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətində şəhər rəhbərliyi ilə görüşüblər. Şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqlara Şəkinin qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı, zəngin sənətkarlıq ənənələri və turizm potensialı barədə məlumat verib.
Şəkiyə səfərindən məmnunluq duyduğunu vurğulayan Qulam İshaqzai bildirib ki, səfər BMT-nin İnkişaf Proqramının Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən tədbirlərlə yaxından tanış olmaq məqsədi daşıyır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbəri Kestutis Yankauskas Şəkiyə ikinci dəfə səfər etdiyini və şəhərin gözəlliyinə heyran qaldığını vurğulayıb. Bir ay əvvəl “Avropa Avtobus Turu-2017” layihəsi çərçivəsində Şəkidə “Avropa şəhərciyi”nin açılışına həsr olunan tədbirlərin böyük uğurla başa çatdığını xatırladan Kestutis Yankauskas bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
İki gün davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin Şəki Regional Ədliyyə İdarəsində, Şəki penitensiar müəssisəsində görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Keçidlər