Şriftin ölçüsü :

Saytın rəngi :

İsveçrə səfiri: Şəkinin çox böyük turizm potensialı var

31 oktyabr 2017 | 10:10

Şəkidə üçüncü dəfədir oluram. Bu dəfəki səfərim rəsmi xarakter daşıyır. Şəki, həqiqətən də Azərbaycanın ən gözəl şəhərlərindən biridir, əsrarəngiz təbiəti var. Bu şəhər vətənim İsveçrəyə çox bənzəyir, onun kimi yamyaşıl, hündür dağlarla əhatələnib. Şəkinin çox böyük turizm potensialı var. Səfərimin əsas məqsədi Şəki ilə əməkdaşlığımızın gələcək perspektivlərini müəyyənləşdirməkdir.  
Bu fikirləri İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Filip Ştalder oktyabrın 30-da Şəkiyə səfəri çərçivəsində şəhər rəhbərliyi ilə görüşü zamanı səsləndirib.
Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonağa qədim Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də, qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəhərdə dövlət qeydiyyatına alınmış 84 tarixi-memarlıq abidəsi var.
Səfirin diqqətinə çatdırılıb ki, Şəkinin iqtisadiyyatında kənd təsərrüfatı, ipəkçilik və turizm aparıcı yer tutur. Rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixrac olunması üçün yaxşı imkanlar mövcuddur.
Səmimi qəbula görə minnətdarlıq edən səfir Filip Ştalder səfərin Azərbaycanın regionları ilə İsveçrə arasında iqtisadi əməkdaşlığın perspektivlərini nəzərdən keçirmək, Şəkinin iqtisadi potensialı ilə yaxından tanış olmaq məqsədi daşıdığını bildirib. İsveçrəli diplomat gələcəkdə Şəki ilə iqtisadiyyat və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda səfirə Şəki ilə bağlı xatirə hədiyyəsi təqdim olunub.
Şəkiyə səfəri çərçivəsində İsveçrə səfiri “Şəki-İpək” ASC-də, “Green Faktory” MMC-nin meyvə bağında olub və digər istehsal sahələrinə baş çəkib.

Keçidlər