Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər əsrlərboyu ipəkçilik ənənələrinin qorunub saxlandığı Şəki ilə tanış olublar

18 noyabr 2017 | 07:11

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən Quba, Qusar, Xaçmaz, Şabran və Xızı rayonlarının məktəbliləri ekskursiyanın ikinci günü, noyabrın 17-də Şəkinin tarixi yerləri və muzeyləri ilə tanış olublar.
Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin rəsmiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verib. Diqqətə çatdırılıb ki, 2700 ildən çox yaşı olan bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur.
Məktəblilərin diqqətinə çatdırılıb ki, Şəki əsrlərboyu ipəkçilik ənənələrinin qorunub saxlandığı bir diyar olub. İpəkçilik bütün dövrlərdə şəkililərin həyatında, məişətində özünəməxsus yer tutub. Şəki bu gün də öz ipəkçilik məhsulları ilə dünyada məşhurdur. Şəhərdə fəaliyyət göstərən “Şəki-İpək” ASC şimal-qərb bölgəsinin ən böyük sənaye müəssisələrindən biri hesab olunur.
Səfər proqramına uyğun olaraq məktəblilər sonra şəhərin tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, qoruğu əhatələyən əzəmətli qala divarlarının Çələbi xanın dövründə, təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal olunur.
Qoruğun ərazisində yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, bu saray XVIII əsrə aid nadir tarix-memarlıq abidəsidir. 1761-1762-ci illərdə inşa edilən sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Sarayı bəzəyən şəbəkə-pəncərələr məktəblilərin böyük marağına səbəb olub. Diqqətə çatdırılıb ki, Şəki tarixən sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olub. Şəki sənətkarlarının yüzillər boyunca əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatıb. El sənətkarlarının misilsiz sənət ənənələrini davam etdirən şəkili sənətkarların fədakar əməyi sayəsində bu qədim şəhərdə zəngin tarixi-mədəni irs yaranıb. Burada memarlıq, tətbiqi sənət, şəbəkə, ağac üzərində oyma, dulusçuluq və digər sənət növləri yüksək səviyyədə inkişaf edib. Bildirilib ki, şəbəkə Azərbaycanın bütün bölgələrində geniş yayılsa da, ən incə, ən zərif və gözəl şəbəkə məhz Şəki xanlarının sarayındadır.
Tur-aksiya iştirakçıları sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Sonra məktəblilər qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyi ilə tanış olublar.
Şagirdlərin Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlığı zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır.
“Marxal” müalicə-istirahət kompleksində nahar fasiləsindən sonra tur-aksiya iştirakçıları Zaqatala rayonuna yola düşüblər.

Keçidlər