Şriftin ölçüsü :

Saytın rəngi :

“ABAD”ın layihəsi çərçivəsində Şəkidə Keramika və Tətbiqi Sənət Mərkəzi yaradılır

01 dekabr 2017 | 09:11

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən icra olunan “Ailə Biznesinə ASAN Dəstək” – ABAD layihəsi çərçivəsində Şəki şəhərinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, Şəki xanları sarayının yaxınlığında Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılması istiqamətində iş aparılır.
“ABAD”ın yeni Mərkəzinin fəaliyyət göstərəcəyi qədim tarixi-memarlıq abidəsi olan köhnə xəstəxana binasında hazırda bərpa və yenidənqurma işləri aparılır.
Qoruğun direktoru Təranə Abdullayevanın bildirdiyinə görə, yeni yaradılan Keramika və Tətbiqi Sənət Mərkəzində “ABAD”ın dəstək göstərdiyi şəkili sənətkarların emalatxanaları yerləşəcək. Mərkəzin yaradılmasının Şəkidə turizmin inkişafı ilə bağlı həyata keçirilən növbəti uğurlu layihələrdən biri olduğunu vurğulayan qoruğun direktoru AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “ABAD”ın maliyyə dəstəyi ilə reallaşan bu layihə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilən Şəki şəhərinin sənətkarları üçün çox böyük töhfədir. Hazırda Şəkidə 27 sənət növü üzrə 100-dək sənətkar fəaliyyət göstərir. Bu sənətkarların bir qismi Qoruğun ərazisində yerləşən “Sənətkarlar evi”ndə, həmçinin “Yuxarı Karvansaray” mehmanxana kompleksinin birinci mərtəbəsindəki emalatxanalarda fəaliyyətlərini davam etdirirlər. Sənətkarların bir çoxu isə evlərdə fəaliyyət göstərir. Onların müəyyən qismi “ABAD” tərəfindən yeni yaradılan Keramika və Tətbiqi Sənət Mərkəzində işə cəlb olunacaq”.
Mərkəzdə 8 sənət növü, o cümlədən şəbəkə, təkəlduz, bədii tikmə, ağac üzərində oyma, heykəltəraşlıq, xəttatlıq, zərgərlik sənətləri üzrə emalatxanalar fəaliyyət göstərəcək. Qoruğun ərazisindəki tarixi-memarlıq abidələrini, o cümlədən Şəki xanlarının sarayını ziyarət edən turistlər Keramika və Tətbiqi Sənət Mərkəzinə də baş çəkəcək, şəkili sənətkarların yaradıcılığı ilə əyani şəkildə tanış olacaqlar. Sənətkarlar hazırladıqları əl işlərini Mərkəzin həyətindəki köşklərdə turistlərə nümayiş etdirəcək, eyni zamanda, satışını da həyata keçirəcəklər. Burada, həmçinin “Çay evi” də fəaliyyət göstərəcək.
Mərkəzin yerləşəcəyi binada aparılan bərpa və yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Keçidlər