Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim Şəki qış fəslində də turistləri özünə cəlb edir

05 yanvar 2018 | 02:01

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki bu gün həm də, regionun ən önəmli turizm mərkəzi kimi tanınmaqdadır. Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi, Aşağı və Yuxarı karvansaraylar, digər tarixi-memarlıq abidələri yerli və xarici turistlər üçün cəlbedici məkanlar hesab olunur.
İlin bütün fəsillərində Şəkiyə gələn turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir.
Qoruğun direktoru Təranə Abdullayevanın məlumatına görə, 2017-ci ildə Şəkiyə gələn 150 minədək turistin təxminən yarısı qoruğun ərazisində olub. Ərazidə yerləşən və Azərbaycan memarlığının nadir incilərindən hesab olunan Şəki xanlarının sarayı, həmçinin V-VI əsrlərə aid Dairəvi Məbəd, xalq tətbiqi sənəti və tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyası, “Sənətkarlar evi” hər zaman turistlərin diqqətini özünə cəlb edir.
Yeni ilin ilk günlərində Şəkiyə gələn xarici turistlərin içərisində Rusiyadan, həmçinin MDB ölkələrindən gələnlər üstünlük təşkil edib. Rusiyanın Bryansk vilayətindən olan Sergey Şemelinin ilk dəfədir Yeni ili dostları və ailələri ilə birlikdə Azərbaycanda qarşılayıb.
Rusiyalı turist AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Çox gözəl ölkəniz var. Dostlarımızdan birinin valideyni hərbçi olduğu, Bakıda xidmət etdiyi üçün o, bu şəhərdə anadan olub. Məhz dostumuzun təklifi ilə Yeni ili Azərbaycanda qarşılamağı qərara aldıq. Əvvəlcə Bakının görməli yerlərini gəzdik, İçərişəhərdə olduq. Yeni il gecəsi doyunca əyləndik. Paytaxt sakinləri çox mehriban, gülərüz, qonaqpərvərdirlər. Ən əsası, ölkənizdə özümüzü tam təhlükəsiz hiss edirik”.
Regionlarla tanışlığa Şəkidən başladıqlarını diqqətə çatdıran rusiyalı qonaq Xan sarayının onlarda çox böyük təəssürat yaratdığını vurğulayıb. “Əcdadlarımızın da dediyi kimi, keçmişinə, tarixinə bələd olmayan xalqın gələcəyi yoxdur. Bu abidə xalqınızın çox qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu bir daha sübut edir. Belə sənət əsərlərini qorumaq olduqca vacibdir”,- deyə Qonaq söyləyib.
Rusiyalı turistlər Şəkidən sonra Qəbələyə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə getməyi planlaşdırırlar.

Keçidlər