Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib

11 fevral 2018 | 11:02

Ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində “Şəki-İpək” ASC-nin fəaliyyətində ciddi dönüş yaranıb. İki il əvvəl Şəkidə 200 kiloqram barama istehsal edildiyi halda, ötən il istehsalın həcmi 18 tona çatdırılıb. Dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün 2018-ci ildə rayonda barama istehsalının 70 tona çatdırılması nəzərdə tutulur.
Bu barədə fevralın 10-da Şəki Şəhər İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.
Yığıncaq iştirakçıları əvvəlcə rayonda istehsal olunan məhsulların sərgisinə baxıblar.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində 2017-ci ildə rayonda sosial-iqtisadi və mədəni sahədə görülən işlər ətraflı təhlil olunub. Bildirilib ki, 2017-ci ildə Şəkidə 406 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 25 faiz artıb. Hesabat dövründə rayonda iqtisadi və sosial sahələrin inkişafına 91 milyon manat həcmində investisiya yönəldilib. İnvestisiya qoyuluşu əvvəlki illə müqayisədə 3 dəfə artıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5 faiz artaraq 93 milyon manat olub. İl ərzində 2 min 985 yeni və daimi iş yeri açılıb.
Qeyd olunub ki, respublikamızın ən iri aqrar rayonlarından olan Şəkidə məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatında mühüm yer tutan taxılçılığın, həmçinin ənənəvi sahələrdən olan baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2017-ci ildə Şəkidə taxıl istehsalı əvvəlki illə müqayisədə 21 min ton artaraq 214 min ton olub. Baramaçılığın gələcək inkişafını təmin etmək, onun yem bazasını möhkəmləndirmək məqsədilə ötən ilin payız mövsümündə rayon ərazisində 140 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 67 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çindən ölkəmizə gətirilən calaq olunmuş tinglərdir.
2017-ci ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılaraq 843 hektara çatdırılıb. Hesabat ilində rayonda 2 min 631 ton quru tütün istehsal olunub. İstehsalın həcmi əvvəlki illə müqayisədə 200 ton artıb. 2018-ci ildə tütün əkini sahələrinin artırılaraq 900 hektara çatdırılması planlaşdırılır. İxracyönümlü məhsullardan olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə 2017-ci ildə rayon ərazisində 469 hektar sahədə yeni fındıq bağları salınıb və bu istiqamətdə işlər davam etdirilir. Hazırda rayonda fındıq bağlarının ümumi sahəsi 2 min 262 hektardır.
Diqqətə çatdırılıb ki, 2017-ci ildə Şəkidə əsas kapitala yönəldilmiş investisiyanın 83 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki şəhərində “ASAN həyat” kompleksinin tikintisi işlərinə başlanılıb. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində “ABAD”ın keramika üzrə xalq sənətkarlıq mərkəzinin fəaliyyət göstərəcəyi binada aparılan yenidənqurma işləri başa çatıb.
Azərbaycan Prezidentinin 2017-ci il 27 sentyabr tarixli Sərəncamına əsasən Kiş kəndindəki qədim alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması işlərinə başlanılıb. 2016-cı ilin iyulunda baş vermiş güclü leysan yağışları nəticəsində sel sularının dağıtdığı Kiş çayının üzərindəki körpünün yerində inşa edilən bir aşırımlı 80 metr uzunluğunda körpünün tikintisi başa çatdırılıb. Ümumi uzunluğu 17,1 kilometr olan Şəki-Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunda tikinti işləri davam etdirilib.
Yığıncaqda 2017-ci ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən də ətraflı danışılıb. Diqqətə çatdırılıb ki, ötən il 1311 mənzil təbii qazla təmin edilib. Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlər görülüb.
Hesabat məruzəsində, həmçinin 2017-ci ildə Şəkinin mədəni həyatında baş verən yeniliklərdən, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlərdən ətraflı bəhs olunub.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək, 2017-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan söz açıb, tövsiyələrini bildirib.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər