Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili sənətkar: Şəbəkə sənətində yeniliklər etməyi xoşlayıram

18 mart 2018 | 03:03

Şəki sənətkarlarının qədim sənət ənənələrini uğurla davam etdirən, şəbəkə sənətinə gətirdiyi yeniliklərlə nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda da çox yaxşı tanınan şəbəkə ustası Hüseyn Hacımustafazadə bu günlərdə daha bir yeniliyə imza atıb. Ötən il Azərbaycanın qədim musiqi alətlərindən olan kamançanın çanaq hissəsini kürəşəkilli şəbəkə üsulu ilə hazırlamaqla, qədim musiqi alətimizə yeni forma, gözəllik verən Hüseyn usta bu dəfə bu ideyanı milli musiqi alətlərimizdən olan tar və qaval üzərində davam etdirib. Onun hazırladığı şəbəkə-tar öz gözəlliyi ilə diqqəti cəlb edir. Şəkili ustanın bu yeni sənət əsəri hələlik geniş auditoriyaya təqdim olunmasa da, böyük uğur qazanacağını indidən əminliklə söyləmək olar.
Hüseyn Hacımustafazadə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bu ideya onda Azərbaycan muğam ifaçılığının, həmçinin tar ifaçılığı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra yaranıb. Əsas məqsədi odur ki, muğam ifaçılığında istifadə olunan qədim milli musiqi alətlərimizdən olan tar, kamança və qavalı şəbəkə üsulu ilə hazırlamaqla, Azərbaycan şəbəkə sənətinin zənginləşməsinə, daha geniş təbliğinə öz töhfəsini versin.
Otuz ildir ki, bu sənətlə məşğul olduğunu vurğulayan Hüseyn usta deyib: “Şəbəkə sənətində yeniliklər etməyi çox xoşlayıram. Əsrlərboyu şəbəkə düz lövhə şəklində hazırlanıb. 2009-cu ildə hazırladığım kürəşəkilli şəbəkə ilə bu sənətdə yeni üslub yaratdım. Dünyada bənzəri olmayan kürəşəkilli şəbəkəm 2012-ci ildə TÜRKSOY tərəfindən keçirilən beynəlxalq festivalda birinci yerə layiq görüldü. Bu üslubu bir az da təkmilləşdirərək, “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində yarışların rəmzi simvolu olan narı kürə şəklində hazırladım. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları ərəfəsində isə muğam üçlüyünə daxil olan kamançanı kürəşəkilli şəbəkə formasında hazırlayaraq sənətsevərlərə təqdim etdim”.
Hüseyn usta şəbəkə-tarın hazırlanmasına 3 aya yaxın vaxt sərf edib. Ustanın sözlərinə görə, tarın hazırlanması kamançaya nisbətən daha çətin və mürəkkəb olub. Kamançanın hazırlanmasında yalnız kürəşəkilli şəbəkədən istifadə edilib. Şəbəkə-tar isə kürə, düz lövhə və ellips formalı şəbəkələrdən, həmçinin şəbəkənin “Cəfəri” formasına oxşar yeni bir üslubdan istifadə edilməklə hazırlanıb. Tarın çanaq hissəsinin quraşdırılmasına 500-dən çox detal və rəngli şüşə işlənib. Bu hissələr yapışqan və mismardan istifadə olunmadan, ustanın özünün ixtira etdiyi üsulla bir-birinə birləşdirilib. Tara üz çəkilməsində, pərdələrin yığılmasında, simlərin salınmasında Hüseyn ustaya peşəkar tar ustası Mahir Vələdov kömək edib. Ustanın dediyinə görə, indiyədək dünyanın heç bir ölkəsində şəbəkəli tar hazırlanmayıb. Bu ideya ancaq onun özünə məxsusdur.
Hüseyn Hacımustafazadə hazırladığı şəbəkə-tarı hələlik heç yerdə nümayiş etdirməyib. “Ötən il Bakıda təşkil edilən Novruz şənliklərində hazırladığım şəbəkə-kamança Prezidentimiz və Birinci xanım tərəfindən böyük maraqla qarşılandı. Builki Novruz şənliklərinə də əliboş getmək istəmirəm. İstəyirəm ki, şəbəkə üsulu ilə hazırladığım tarı, həmçinin şəbəkə-qavalı ilk dəfə orada nümayiş etdirim. Ümid edirəm ki, hamının xoşuna gələcək”, - deyə şəkili usta bildirib.

Keçidlər