Şriftin ölçüsü :

Saytın rəngi :

“Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalına yekun vurulub

21 may 2018 | 00:05

Mayın 19-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Q.Q.Markesin əsəri əsasında səhnələşdirilən “Məsum Erendira” tamaşası nümayiş etdirilib. AZƏRTAC xəbər verir ki, Kolumbiya teatrının aktyorlarının ifasında tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Bununla da “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalına yekun vurulub.
Qeyd edək ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.
Mayın 12-dən 19-dək davam edən festivalda ölkəmiz ilə yanaşı, İran, Gürcüstan, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri də iştirak ediblər.
Festival milli və beynəlxalq mərhələdə keçirilib. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatr kollektivi mayın 12-dən 18-dək respublikanın müxtəlif bölgələrində tamaşalar nümayiş etdirib. Bölgə tamaşaçıları respublikanın aparıcı teatr kollektivlərinin hazırladığı maraqlı səhnə əsərlərini izləmək imkanı qazanıblar.
Beynəlxalq proqram çərçivəsində tamaşalar mayın 17-dək Şəki şəhərində, bir tamaşa Lənkəranda, iki tamaşa isə Bakıda oynanılıb.

Keçidlər