Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda ikigünlük konfrans öz işinə başlayıb

01 iyun 2018 | 02:06

Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda ikigünlük konfrans öz işinə başlayıb.
Konfransın birinci günündə ümumtəhsil məktəblərində çalışan psixoloqlar, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, şəhər məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, YAP-ın Şəhər Təşkilatının gəncləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov dini radikalizm və fəsadları haqqında danışıb. O, dini radikalizm və ekstremizmin yayılmasına qarşı dini maarifləndirmə tədbirlərinin önəmli rola malik olduğunu bildirib. S.Yusifov, həmçinin ölkəmizdə mövcud olan multikultural və tolerant mühitdən söhbət açıb.  
Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov gənclər və yeniyetmələrin zərərli ideologiyalardan, pis vərdişlərdən qorunması yolları barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən işləri diqqətə çatdırıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkəmizdə milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə verilən önəmdən danışıb. Bildirib ki, Azərbaycanda heç zaman milli-dini zəmində qarşıdurmanın baş verməməsi, həmçinin qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və etnik-dini münasibətlərin hökm sürməsi xalqımızın özünəməxsus milli xüsusiyyətindən irəli gəlir. Bu nümunəvi xüsusiyyət Azərbaycanın müstəqillik illərində daha da möhkəmlənib və fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq ənənəsi məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində dövlət siyasətimizin prioritet istiqamətlərindən birinə çevrilib.
G.İsmayılov vurğulayıb ki, bunlara baxmayaraq ölkəmizdə dini zəmində qarşıdurma yaratmaq cəhdləri var. Ötən əsrin 90-cı illərində milli zəmində qarşıdurma yaratmağa çalışan bəzi qüvvələrin səyləri xalqın Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi sayəsində nəticəsiz qalıb, yeni hədəf kimi isə din amili seçilib. Dini radikal qüvvələrin əsas hədəflərinin yeniyetmə və gənclər olduğunu bildirən sədr müavini buna görə də bu kontingentlə sıx təmasda olan pedaqoqların üzərinə böyük məsuliyyət düşdüyünü deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında dini radikalizm və ekstremizm, onların yaranma səbəbləri və təzahür formaları, eləcə də ölkəmizdə bu istiqamətdə aparılan mübarizə tədbirlərindən bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər