Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki məktəbliləri son zəngin sevincini yaşayıblar

15 iyun 2018 | 09:06

İyunun 14-də Şəkinin tam orta məktəblərini bitirən şagirdlər üçün son zəng çalınıb. Bu münasibətlə keçirilən mərasimlərdə məktəblərin kollektivi, ictimaiyyətin nümayəndələri, valideynlər iştirak ediblər.
    Bayram əhvali-ruhiyyəsi ilə bir neçə saat davam edən mərasimlərdə çıxış edənlər əlamətdar gün münasibətilə məktəb müəllimlərini və şagirdləri, valideynləri təbrik etmiş, məzuna həyat yollarında uğurlar arzulamış, onlara cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməyi, elmli və bilikli olmağı, müəllimlərinin etimadını layiqincə doğrultmağı tövsiyyə etmişlər.
      Bildirilmişdir ki, 2017/2018-ci  dərs ilində Şəkidə 96 ümumtəhsil məktəbinədə 26 min nəfərdən çox şagird təhsil almış və I sinifləri 2771 nəfər, IX sinifləri 2012 nəfər, XI sinifləri isə 1734 nəfər şagird bitirir.
     Qeyd olunmuşdur ki, Təhsil Nazirliyinin tərəfindən 2017/2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan olunmuşdu. Pedaqoji kollektivlər bununla əlaqədar  səylə çalışmış və əvvəlki tədris ili ilə müqayisədə daha yüksək təlim göstəriciləri əldə etmişlər.      Dövlət İmtahan Mərkəzi tərəfindən may ayında ali məktəblərə keçirilən qəbul  imtahanlarının 1-ci mərhələsində iştirak etmək üçün məktəbi 2018-ci ildə bitirən XI sinif məzunlarından 1220 nəfəri ərizə vermişdir. Bu imtahanlarda onlardan  64 nəfəri 600-dən,  daha 154 nəfəri  isə  500-dən çox bal toplamışdır.
      Vurğulanmışdır ki, fənn olimpiadalarının final turunda 2018-ci ildə  Şəkini 19 məktəbli təmsil etmiş, onlardan 6 nəfəri olimpiadanın qalibi olaraq 1 nəfəri qızıl, 2 nəfəri gümüş, 3 nəfəri isə bürünc medalla təltif olunmuşdur. Bu günlərdə alınan məlumata görə isə təhsil nazirliyinin VI-VII sinif şagirdləri arasında keçirdiyi fənn müsabiqələrində 18 nəfər şagird respublika turuna vəsiqə   qazanmışdır. Şəki məktəbliləri Təhsil Nazirliyi tərəfindən keçirilən “Sabahın alimləri”, “Ədəbiyyat bilicilər”, ”Elektron təhsil”,  eləcə də Ümummilli lider Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqələrinin də qalibi olmuş, diplom və Fəxri Fərmanlarla mükafatlandırılmışlar. Dərs ili ərzində Şəki məktəbləri müxtəlif idman və bilik yarışlarında da diqqətəlayiq uğurlar qazanmışlar.
       Son zəng tədbirlərində şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, daha sonra son zəng çalınmışdır.

Keçidlər