Şriftin ölçüsü :

Saytın rəngi :

Bayram tətili günlərində Şəkiyə gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb

21 iyun 2018 | 01:06

Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün, həm də, regionun ən önəmli turizm mərkəzi kimi tanınmaqdadır. Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaraylar, tarixi-memarlıq abidələri, yerli sənətkarların əl işlərinin sərgiləndiyi “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlar hesab olunur.
Əvvəlki illərdə olduğu kimi, bu dəfə də Ramazan bayramı ilə əlaqədar tətil günlərində Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan olan “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini hər gün yüzlərlə turist ziyarət edir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayı, sənətkarlıq emalatxanaları yerli və xarici turistlərin daha çox marağına səbəb olur.
Qoruğun direktoru Təranə Abdullayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bayram tətili günlərində Şəkiyə gələn yerli və xarici turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Qrup halında gələnlər arasında məktəb kollektivlərinə daha çox rast gəlmək mümkündür. Xarici turistlər arasında isə Avropa ölkələrindən, həmçinin Rusiya, Türkiyə, İran, İsrail və ərəb ölkələrindən gələnlər üstünlük təşkil edirlər.
Qoruğun direktoru bildirib ki, bayram günlərində şəhərə turist axınını nəzərə alaraq, qoruğun ərazisindəki Şəki xanlarının sarayının, muzeylərin qapıları səhər saatlarından axşamadək qonaqların üzünə açıq olur. Turistlərə xidmət göstərmək üçün sarayın yaxınlığında, qədim qala divarları ilə əhatələnən geniş yaşıllıq ərazidə asudə vaxt və istirahət guşəsi yaradılıb. Turistlər burada quraşdırılan çadırlarda dincələ, milli geyimdə foto çəkdirə, Şəki şirniyyatları ilə samovar çayına qonaq ola bilərlər. Uşaqlar da yaddan çıxmayıb, ərazidə onlar üçün müxtəlif attraksionlar quraşdırılıb. Faytonla, atla gəzintilər də gələnlərin böyük marağına səbəb olur. Turistlərin asudə vaxtlarının maraqlı keçməsi üçün qoruğun ərazisindəki tarixi abidələrin önündə tez-tez konsertlər təşkil olunur.
Turistlərə göstərilən xidmətlər barədə məlumat verən Təranə Abdullayeva deyib: “Bu mövsümdən başlayaraq turistlərə bir neçə yeni xidmət növü də təklif olunur. Yenicə fəaliyyətə başlayan səyyar bələdçilər turistlərin arzusuna uyğun olaraq, onları şəhərin görməli yerləri, tarixi məkanları ilə tanış edir, otellər, restoranlar barədə məlumat verirlər. Xan yaylağına gəzintilərin təşkili də turistlərin böyük marağına səbəb olur”.
Luiz İller Azərbaycana rəfiqələri ilə birlikdə İsraildən qonaq gəlib. Onlar ölkəmizdə ilk dəfədir olurlar. Təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən israilli turist deyib: “Çox gözəl ölkəniz var. Bakıda, Qubada olduq, indi isə Şəkidəyik. Buranın çox gözəl təbiəti var, insanları qonaqpərvərdir. Xan sarayı möhtəşəm abidədir. Ölkənizdə tarixi-mədəni irsin qorunmasına çox böyük diqqət yetirilir”.
Əslən iraqlı olan, hazırda isə İsraildə yaşayan Farid Akeireb Azərbaycana dostu ilə birlikdə gəlib. Qonağın dediyinə görə, yaşadıqları ölkələrdən fərqli olaraq, Azərbaycanda olan sabitlik və əmin-amanlıqdan çox məmnundurlar və ölkəmizin bölgələrini rahat şəkildə gəzib-dolaşa bilirlər. Qonaq bildirib ki, Xan sarayı Şəkinin necə qədim və zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiq edir.
Qoruğun ərazisində yerləşən “Sənətkarlar evi”ndə də bayram tətili günlərində xüsusi canlanma hiss olunur. Burada fəaliyyət göstərən şəbəkə ustası Hüseyn Hacımustafazadə və təkəlduz ustası Vəfa Mustafayevanın dediyinə görə, turistlər yerli sənətkarların əl işlərinə böyük maraq göstərirlər.
Rusiyanın uzaq İrkutsk vilayətindən Azərbaycana xanımı ilə birgə qonaq gələn Anatoliy Skopiçin bildirdiyinə görə, yaşadıqları ölkələrdə belə sənətkarlıq nümunələrinə rast gəlmək mümkün deyildir. Rusiyalı ailə bundan sonra Azərbaycana daha tez-tez qonaq gələcəklərini bildirib.

Keçidlər