Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub

24 iyun 2018 | 09:06

İyunun 23-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş yığıncaq keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür.
Sonra Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Daşqın Mikayılovun məruzəsi dinlənilib. O bildirib ki, Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Dövlət qulluğu sahəsində dünya təcrübəsini nəzərə alan bir çox sənədlər qəbul edilərək geniş hüquqi baza yaradılıb. Bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bütün bunlar cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açıb.
Çıxışlarda qeyd olunub ki, bu gün dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun təşkili tamamilə yeni prinsiplərə əsaslanır, dövlətlə vətəndaş arasında inam və etimad bərqərar olur. Həyata keçirilən dövlət qulluğu siyasəti qanunçuluq, hesabatlılıq, şəffaflıq, cavabdehlik prinsiplərinə əsaslanan dövlət idarəçiliyi sisteminin daha səmərəli inkişaf etdirilməsinə xidmət edir.
Yığıncağın sonunda dövlət orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.

Keçidlər