Şriftin ölçüsü :

Saytın rəngi :

“İpək Yolu” festivalının növbəti konserti görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunub

30 iyun 2018 | 04:06

Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 28-də axşam saatlarında “Marxal” istirahət kompleksinin yay teatrında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin təqdim etdiyi konsert proqramında festivalın təşkilatçı qurumlarının rəsmiləri, musiqisevərlər iştirak ediblər. Kollektivin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Teymur Göyçayevdir.
Konsertdən əvvəl məlumat verilib ki, Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq Artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox məşhur səhnələrində çıxış edib, nüfuzlu beynəlxalq festivalların iştirakçısı olub. Orkestrin repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.
Diqqətə çatdırılıb ki, Teymur Göyçayev 1998-ci ildən Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin, 2006-cı ildən isə Dövlət Gənclər simfonik orkestrinin bədii rəhbəri və baş dirijorudur. O, Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı laureatıdır. Kollektiv dəfələrlə xarici ölkələrdə - İngiltərə, Fransa, Belçika, İsveç, İsveçrə, Almaniya, Avstriya, Misir, Koreya, Yaponiya, Çin, Türkiyədə qastrol səfərlərində olub.
Konsertdə Qara Qarayev, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, xalq mahnıları ifa olunub. Orkestrin çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın simvolu təqdim olunub.
Festivalın proqramına uyğun olaraq, iyunun 29-da günün birinci yarısında “Marxal” otelinin konfrans zalında UNESCO-nun “Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurası”nın (İCTM) “Məqam” elmi-tədqiqat qrupunun X Beynəlxalq simpoziumu işə başlayacaq.

Keçidlər