Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyəli musiqiçi: Festivallar ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir

03 iyul 2018 | 01:07

Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında ilk dəfədir iştirak edirəm. Bu festival barədə çox eşitmişdim və gəlib özüm də şahidi oldum. Şəki festivalı çox böyük dəyəri olan bir musiqi bayramıdır və bu bayramda iştirak etməkdən çox məmnunam.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Türkiyənin TRT Ankara Radiosunun türk xalq musiqisi səs sənətçisi İmran Koç deyib.
Gözəl bir tarixi məkanda – Şəki xanlarının sarayının önündə çıxış etməkdən böyük qürur hissi keçirdiyini vurğulayan türkiyəli müğənni festivala dəvət aldığına görə təşkilatçılara, həmçinin Yunus Emre İnstitutuna minnətdarlığını bildirib.
“Düşünürəm ki, belə festivallar ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfələr verir. Növbəti illərdə yenə də Şəkiyə gəlməyi, bu gözəl festivalda iştirak etməyi arzulayıram”,- deyə İmran Koç bildirib.

Keçidlər