Şriftin ölçüsü :

Saytın rəngi :

Diaspor Gənclərinin I Yay düşərgəsinin iştirakçıları Şəkidə

24 avqust 2018 | 03:08

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinin iştirakçılarının ilk qrupu avqustun 22-də qədim Şəki şəhərinə gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşərgə iştirakçılarını Şəki Olimpiya İdman Kompleksinin həyətində şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki Regional Mədəniyyət və şəhər Gənclər və İdman idarələrinin rəhbərləri, həmçinin düşərgənin rəsmi şəxsləri mehribanlıqla qarşılayıblar.
Mədəniyyət idarəsinin rəqs kollektivi düşərgə iştirakçıları qarşısında konsert proqramı ilə çıxış edib. Sonra iştirakçılar kompleksin mehmanxanasına yerləşiblər.
Diaspor Gənclərinin I Yay düşərgəsinin layihə rəhbəri Aytən Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, düşərgənin proqramı olduqca rəngarəng və zəngindir. Avqustun 22-də gün ərzində iştirakçıların qarşılanması və kompleksin mehmanxanasında yerləşdirilməsi işləri görüləcək. Axşam iştirakçılar üçün əyləncəli proqram nəzərdə tutulub. Düşərgənin ikinci gününün proqramı bütünlüklə vətənpərvərlik mövzusuna həsr olunub. Günün birinci yarısında “Xocalıya ədalət” kampaniyasının təqdimatından sonra düşərgə iştirakçıları Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş gənclərlə görüşəcəklər. Günün ikinci yarısında aprel qaziləri ilə görüş, günün sonunda isə “Sonsuz dəhliz” filminin nümayişi nəzərdə tutulub.
Layihə rəhbərinin məlumatına görə, Diaspor Gənclərinin I Yay düşərgəsinin avqustun 24-nə təyin edilən açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri, Milli Məclisin deputatları və digər qurumların nümayəndələri iştirak edəcəklər. Rəsmi çıxışlardan sonra açılış mərasimi bədii proqramla davam edəcək.
Aytən Əliyeva bildirib ki, yay düşərgəsi növbəti günlərdə “Azərbaycan diasporu: Mövcud vəziyyət və perspektivlər”, “Azərbaycan diasporunun fəaliyyətində medianın rolu” və digər mövzularda sessiyalarla davam edəcək. Düşərgə müddətində Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin, həmçinin dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təqdimatları da həyata keçiriləcək. Proqramda düşərgə iştirakçılarının Şəkinin tarixi məkanlarına ekskursiyaları da nəzərdə tutulub.
Qeyd edək ki, avqustun 22-dən 28-dək davam edəcək Diaspor Gənclərinin I Yay düşərgəsində dünyanın 37 ölkəsindən 150-dən çox gənc iştirak edəcək. Onlar ABŞ-da, Avropanın müxtəlif ölkələrində, keçmiş sovet ittifaqı respublikalarında, Şərq ölkələrində, bir sözlə, dünyanın dörd bir yanında yaşayan soydaşlarımızdır. Düşərgə iştirakçılarının bir qismi doğma vətənləri olan Azərbaycana ilk dəfə səfər edir.

Keçidlər