Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Baş Zəyzid kəndinin şagirdləri yeni dərs ilini yeni məktəb binasında qarşılayıblar

18 sentyabr 2018 | 09:09

Yeni dərs ilinin ilk günündə Şəki rayonunun Baş Zəyzid kənd tam orta məktəbinin müəllim və şagirdləri ikiqat bayram sevinci yaşayıblar. Sentyabrın 17-də kənd məktəbi üçün inşa edilmiş 624 şagird yerlik yeni bina qapılarını şagirdlərin üzünə açıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2012-ci ildə bölgədə baş vermiş güclü zəlzələ zamanı qəzalı vəziyyətə düşən bu məktəb indiyədək uyğunlaşdırılmış binalarda fəaliyyət göstərib. Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilən yeni məktəb binasının tikintisinə 2017-ci ilin əvvəlində başlanılıb. Müasir standartlara uyğun inşa olunan üçmərtəbəli binada 25 sinif otağı, 6 fənn kabineti, laboratoriyalar, kompüter otağı, kitabxana, bufet, akt və idman zalları yerləşir.
Açılış mərasimində çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova ötən dərs ilinin Şəki təhsili üçün olduqca uğurlu olduğunu bildirib. Diqqətə çatdırılıb ki, rayonun ümumtəhsil məktəblərini bitirmiş 1733 məzundan 1279 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd verib, onlardan 888 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 215 nəfəri 500-dən, 81 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Ali məktəblərə qəbul olunanlar arasında rayonda fəaliyyət göstərən 72 tam orta məktəbin hamısının təmsilçiləri var.
Bildirilib ki, ötən tədris ili Baş Zəyzid kənd tam orta məktəbin məzunları üçün də uğurlu olub. Belə ki, bu məktəbin 20 məzunundan 15-i tələbə adını qazanıb. Məzunlardan 5 nəfər imtahanlarda 600 baldan yuxarı nəticə göstərib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Vurğulanıb ki, bütün bunlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir. Bu diqqət və qayğı Şəkidən də yan keçməyib. Son illər rayonda 30-dan çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsinin dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Vurğulanıb ki, regionlarda, ucqar kəndlərdə müasir standartlara uyğun belə məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir.
Nazir müavini deyib: “Ölkəmizin bütün bölgələrində çox böyük tikinti-quruculuq işləri aparılır. Diqqət yetirsək, elə ay, həftə yoxdur ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva respublikamızın hansısa bir bölgəsində yeni yolların, məktəb binalarının, səhiyyə və mədəniyyət ocaqlarının açılışında iştirak etməsinlər. Məhz onların qayğısı sayəsində son illər ölkəmizdə təhsil sahəsində də çox böyük işlər görülüb. Təkcə son 10 ildə Azərbaycanda 3 mindən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub”.
Təhsilə olan qayğının ölkəmizin gələcək inkişafının təminatı olduğunu vurğulayan Firudin Qurbanov deyib: “Hər bir ölkənin inkişafının təməlində təhsil durur. Ölkənin intellektual potensialının formalaşmasında təhsil strateji əhəmiyyət kəsb edir və çox böyük sərvətdir. Məhz bu baxımdan, ölkəmizdə də təhsil sahəsinə dövlət tərəfindən çox böyük diqqət və qayğı göstərilir”.
Tədbirdə Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxış edərək, məktəbin müəllim və şagirdlərini əlamətdar bayram münasibətilə təbrik edib, kollektivə yeni dərs ilində daha böyük uğurlar arzulayıb.
Sonra mərasim iştirakçıları yeni binada yaradılan şəraitlə yaxından tanış olublar.
Diqqətə çatdırılıb ki, yeni dərs ilində məktəbdə 600-dən çox şagird təhsil alacaq. Onların 67 nəfəri ilk dəfə məktəb partası arxasında əyləşir. Şagirdlərin təlim-tərbiyəsi ilə 102 müəllim məşğul olacaq.

Keçidlər