Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 2018-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

20 oktyabr 2018 | 10:10

Respublikanın ən iri aqrar rayonlarından olan Şəkinin kənd təsərrüfatında taxılçılıq əsas istehsal sahələrindən biri hesab olunur. Builki mövsümdə rayonun taxılçıları 66 min 774 hektar sahədən 220 min 847 ton məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 33 sentner olub. Taxıl istehsalı əvvəlki illə müqayisədə 7 min ton artıb. Hesabat dövründə rayonda 5 min 59 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib. Hazırda rayonun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil qaydada davam etdirilir.
Bu barədə oktyabrın 19-da Şəki Şəhər İcra Hakimiyyətində 2018-ci ilin doqquz ayının yekunları ilə bağlı keçirilən müşavirədə danışılıb.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində 9 ayda rayonda sosial-iqtisadi sahədə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.
Bildirilib ki, 2018-ci ilin doqquz ayında rayonda faktiki qiymətlərlə 362 milyon 419 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artıb. Doqquz ayda Şəki rayonunda istehsal və qeyri-istehsal sahələrinin inkişafına 63,8 milyon manatlıq investisiya yönəldilib. Bu müddət ərzində Şəkidə 1146 yeni iş yeri açılıb.
Rayonda ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verən məruzəçi 2016-cı ildə Şəkidə cəmi 9,7 ton yaş barama istehsal edildiyi halda, ötən il istehsalın həcminin 17,9 tona çatdığını, 2018-ci ildə isə barama istehsalının əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 48,2 ton təşkil etdiyini vurğulayıb.
Cari ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 34 hektar artırılaraq 877 hektara çatdırılıb. Bu günədək rayonda 2 min 342 ton tütün istehsal olunub. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 2 min 387 hektardır. Payız mövsümündə daha 700-800 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması ilə bağlı tapşırıq və tövsiyəsinə uyğun olaraq hazırda rayonun Bolludərə, Qaratorpaq və Sarıca kəndlərinin ərazisində “Aqroinkişaf 2017” MMC tərəfindən icarəyə götürülmüş 8 min 969 hektar sahədə aqropark yaradılır. Hesabat dövründə aqroparkın istifadəsinə verilən torpaq sahəsinin Bolludərə kəndi ərazisində yerləşən hissəsində 194 hektarda müasir aqrotexniki qaydada qoz bağı salınıb. Cari ilin sonunadək qoz bağlarının əkin sahəsinin 1000 hektara, tinglik sahənin isə 20 hektara çatdırılması nəzərdə tutulur.
Məruzədə cari ilin doqquz ayında rayonda aparılan tikinti-quraşdırma işləri barədə də geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki şəhərinin Zərifə Əliyeva küçəsində inşa edilən “ASAN həyat” kompleksinin tikintisində hazırda son tamamlama işləri görülür. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində “ABAD” keramika mərkəzinin fəaliyyət göstərəcəyi binada yenidənqurma işləri yekunlaşıb. Zərifə Əliyeva küçəsində Şəki Qarışıq tipli uşaq evi üçün inşa edilən yeni binanın tikintisi başa çatıb. Təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Heydər Əliyev Mərkəzinin tikintisi də tamamlanmaq üzrədir. Mərkəzin yerləşdiyi 9 hektarlıq ərazidə yeni parkın salınması işlərinə başlanılıb, ərazidə yüzlərlə ağac əkilib, yaşıllıqlar salınıb.
Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Kiş kəndindəki qədim alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və ərazinin abadlaşdırılması işinin qısa müddətdə başa çatdırılması üçün zəruri tədbirlər görülür.
Müşavirədə, həmçinin bu ilin doqquz ayında əhalinin məşğulluğunun təmin edilməsi, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə təltif olunmuş Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifova "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim edilib.

Keçidlər