Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şəki şəhərində ümumşəhər toplantısı keçirilib

21 yanvar 2019 | 09:01

1990-cı ilin 20 yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Xalqımız bu faciənin qurbanlarını hüznlə anmaqla bərabər, onların şəhidlik zirvəsinə baxaraq, başını daim dik tutur. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin müdhiş gecədə şəhid olan Vətən oğulları Azərbaycanın tarixinə şanlı səhifə yazıblar.
Bu fikirlər Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki şəhərində keçirilən ümumşəhər toplantısında səsləndirilib.
Şəhər rəhbərliyi, əmək kollektivləri, ictimaiyyətin nümayəndələri, müharibə və əmək veteranları, gənclər səhər saatlarından başlayaraq Şəkinin dağüstü ərazisində yerləşən Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Ümumşəhər toplantısında Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycan xalqı bu qanlı hadisələr zamanı öz qürurunu itirməyib, onun iradəsi qırılmayıb. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvarı hüzn günü kimi qeyd etsək də, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq.
Toplantıda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin rəisi Yalçin Sadıqlı, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Məmmədnuru Əzizov faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiriblər.
Həmin gün şəhərdəki Cümə Məscidində şəhidlərin ruhuna dualar oxunub. Saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar şəhər icra hakimiyyəti tərəfindən şəhid ailələrinə maddi yardım göstərilib.

Keçidlər