Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Milli Qəhrəman Mikayıl Cəbrayılov haqqında sənədli filmin təqdimatı olub

30 aprel 2019 | 08:04

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Salnaməfilm” kinostudiyasının Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov haqqında çəkdiyi “İki əsgər” sənədli filminin təqdimatı olub. Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filmin nümayişindən əvvəl Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz Sultanzadə, filmin ssenari müəllifi Qorxmaz Şıxalıoğlu və rejissoru Vəli Səidov çıxış edərək, ekran əsəri ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, filmdə qarşıya qoyulan əsas məqsəd Azərbaycan torpaqlarının bütövlüyü və azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının keçdiyi şərəfli döyüş yolu barədə insanları məlumatlandırmaq, yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik hisslərini aşılamaq və qələbə ruhunu yüksəltməkdən ibarətdir.
Sonra filmə baxış olub. Vətənin müdafiəsi uğrunda qəhrəmancasına döyüşərək canlarını belə əsirgəməyən, nəsillərə örnək olmuş ata və oğulun – Əhmədiyyə və Mikayıl Cəbrayılovların qəhrəmanlıqlarından bəhs edən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Filmin təqdimatı başa çatdıqdan sonra ailənin böyük oğlu Cavanşir Cəbrayılov çıxış edərək, ekran əsərinin ərsəyə gəlməsində zəhməti olan bütün insanlara ailəsi adından minnətdarlığını bildirib.

Keçidlər