Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə I Beynəlxalq Keramika Simpoziumu başa çatıb

04 iyun 2019 | 04:06

Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində mayın 20-də işə başlayan “Təbiətdən tarixə” adlı I Beynəlxalq Keramika Simpoziumu başa çatıb. İki həftə davam edən beynəlxalq simpoziumda Azərbaycanla yanaşı, 14 xarici ölkədən 25 nəfər keramikaçı iştirak edib.
Simpoziumun bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyinin, “ABAD” publik hüquqi şəxsin rəhbərləri, keramika ustaları və sənətsevərlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bağlanış mərasimi Şəki şəhər 3 saylı uşaq incəsənət məktəbinin şagirdlərinin ifasında Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb.
Sonra simpoziumun gedişi ilə bağlı çəkilmiş qısa film nümayiş etdirilib.
Bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev keramika ilə bağlı beynəlxalq tədbirin Azərbaycanda, onun dilbər guşələrindən olan Şəkidə keçirilməsinin heç də təsadüfi olmadığını, bu qədim şəhərin ölkəmizin keramikanın vətəni sayılan regionlardan biri olduğunu bildirib. Agentliyin sədri deyib: “Beynəlxalq simpoziumun “Təbiətdən tarixə” adlandırılması da təsadüfi deyildir. Keramika sənəti təkcə təbiətdən ilhamlanmır, həm də təbiətin faydalı ehtiyatlarından istifadə etməklə, onu tarixə çevirə bilir. Düşünürəm ki, tədbirin davam etdiyi iki həftə ərzində burada yeni münasibətlər, tanışlıqlar əldə olundu, təcrübə mübadiləsi aparıldı, keramika sənəti üçün mühüm töhfələr verildi və uğurlu nəticələr qazanıldı”.
Simpozium iştirakçılarının əksəriyyətinin Azərbaycanda ilk dəfə olduqlarını diqqətə çatdıran Ülvi Mehdiyev qonaqların paytaxt və Şəki ilə yanaşı, bölgənin digər rayonları ilə də tanış olmaq imkanı əldə etdiklərini bildirib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “ABAD”ın təşəbbüsü ilə ilk dəfə keçirilən beynəlxalq simpoziumun Şəkini dünyaya tanıtmaqla yanaşı, sənətin və sənətkarlığın inkişafında da yeni bir mərhələnin başlanmasına səbəb olacağını söyləyib.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında turizmin ölkə iqtisadiyyatının əsas sahələrindən biri olduğunu diqqətə çatdırıb. Agentliyin tabeliyində fəaliyyət göstərən və Şəkinin qədim tarixi hissəsində yerləşən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri olduğunu vurğulayan Fuad Nağıyev deyib: “Burada “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin fəaliyyət göstərməsi turizmin, həm də mədəni irsimizin gələcək nəsillərə ötürülməsi baxımından çox əhəmiyyətlidir. Mərkəzdə keramika sənəti üzrə ilk beynəlxalq simpoziumun keçirilməsi çox sevindirici haldır. Tədbirdə xarici sənətkarların iştirakı Şəkinin tarixi irsinin və müasir inkişafının dünyaya tanıdılması baxımından çox önəmlidir”.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev isə Azərbaycanın tarix boyunca sənətkarlar diyarı kimi tanındığını, dünyaya bir çox sənət nümunələrini bəxş etdiyini bildirib. Bu sənət növlərinin öz rəngarəngliyi ilə xalqımızın bütün ruhunu, əhval-ruhiyyəsini, mənəviyyatını, məişətini, mədəniyyətini özündə əks etdirdiyini vurğulayan “ABAD”ın rəhbəri deyib: “Xalqımızın dəyərli sənət növləri neçə min il bundan əvvəl yaranaraq formalaşmağa başlayıb. Ustadlar Azərbaycanın füsunkar təbiətindən, tarixindən, mədəniyyətindən ilham alaraq gözəl əl işləri, sənət nümunələri yaradıblar. Misgərlik, dulusçuluq, ağacoyma, dəmirçilik, xalçaçılıq, ipəkçilik, papaqçılıq və şəbəkəçilik kimi qədim sənət növlərimiz xalqımızın ruhunun daşıyıcısı kimi, bu gün də yaşayır”.
Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin əlaqələndiricisi Mir Teymur Məmmədov keramikanın hər bir xalqın tarixində xüsusi rol oynadığını vurğulayıb.
Rəsmi hissədən sonra 15 ölkədən 25 iştirakçıya sertifikatlar təqdim olunub.
Beynəlxalq simpoziumun Türkiyədən olan iştirakçısı, bu ölkənin Süleyman Dəmirəl Universitetinin Gözəl Sənətlər fakültəsinin keramika bölməsinin rəhbəri, dosent, eyni zamanda, Keramik Araşdırma Mərkəzinin müdiri Serap Ünal dəvətə və yaradılan şəraitə görə iştirakçılar adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Sonra mərasim iştirakçıları keramikaçıların simpozium müddətində yaratdıqları keramika nümunələrinin sərgisi ilə tanış olublar.
Bağlanış mərasimi “Yanar heykəl” keramika şousu ilə başa çatıb.

Keçidlər