Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində tikilən 960 şagird yerlik məktəb binası bu ilin sonunadək istifadəyə veriləcək

25 iyul 2019 | 02:07

Şəki şəhərindəki 11 saylı tam orta məktəb üçün 960 şagird yerlik yeni binanın tikintisi sürətlə davam etdirilir. Dördmərtəbəli və beş korpusdan ibarət yeni məktəb binası Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri obyektdə aparılan inşaat işləri ilə maraqlanıb. İş icraçısı Rüfət Cəlilovun sözlərinə görə, yeni məktəb binasında 58 sinif otağı, akt və idman zalları, yeməkxana korpusu, inzibati otaqlar yerləşəcək. Binanın tikintialtı sahəsi 2971 kvadratmetrdir. Dördmərtəbəli əsas korpusda tikinti işləri artıq yekunlaşıb, binanın dam örtüyü quraşdırılıb. Hazırda daxili mühəndis-kommunikasiya və boyaq-bəzək işləri görülür, döşəməyə taxta vurulur. Yardımçı tikililərin, o cümlədən 2 ədəd 100 kubmetrlik yanğın əleyhinə və 1 ədəd 50 kubmetrlik içməli su anbarlarının, qazanxana və nasosxana binalarının tikintisi də artıq başa çatıb. İdman zalının tikintisi isə davam etdirilir.
Hazırda tikinti meydançasında 55 nəfərədək işçi çalışır. Binanın tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, minə yaxın şagirdin təhsil aldığı məktəb indiyədək uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Qabaqcıl təhsil ənənələri ilə seçilən məktəb 2 dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi adını qazanıb.

Keçidlər