Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ-ın “Buyeponqo” musiqi qrupu Şəki musiqisevərlərinin qonağı olub

24 noyabr 2019 | 04:11

Azərbaycanda səfərdə olan ABŞ-ın “Buyeponqo” musiqi qrupu respublikamızın regionlarına səfər proqramı çərçivəsində noyabrın 23-də Şəki musiqisevərlərinin qonağı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Dövlət Dram Teatrında təşkil edilən konsertin əvvəlində ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Riçard Pinkam çıxış edərək, musiqi qrupunun fəaliyyəti barədə qısa məlumat verib. Bildirilib ki, ABŞ-ın Azərbaycandakı səfirliyi ölkələrimiz arasında dostluq və mədəniyyət sahəsində əlaqələri genişləndirmək məqsədilə davamlı olaraq proqramlar həyata keçirir. Ötən müddət ərzində ABŞ-ın bir neçə tanınmış musiqi qrupu Azərbaycana səfərləri çərçivəsində Şəki şəhərində konsertlər verib.

Diqqətə çatdırılıb ki, “Buyeponqo” musiqi qrupu Azərbaycana ilk dəfədir səfər edir. Afro-Latın sintez musiqi qrupunun ölkəmizə səfəri ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi Proqramı çərçivəsində reallaşıb. Mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün bu proqram çərçivəsində ABŞ-ın musiqi kollektivlərinin dünyanın müxtəlif ölkələrinə səfərləri təşkil olunur.

Bildirilib ki, “Buyeponqo” qrupu Azərbaycanda müxtəlif konsert proqramları ilə çıxış edir, yerli musiqiçi və tələbələrlə sessiyalar keçirir. “Buyepongo”nun Azərbaycandakı bütün konsertləri pulsuz və ictimaiyyət üçün açıqdır.

“Buyeponqo” qrupunun təqdim etdiyi Latın Amerikasına xas hip-hop, pank, fank və caz musiqilərindən ibarət nömrələr tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

 

Keçidlər