Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 11 saylı tam orta məktəb üçün inşa edilən 960 şagird yerlik yeni məktəb binasının açılışı olmuşdur

19 dekabr 2019 | 16:00

Prezident İlham Əliyevin 2018-ci il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən Şəki şəhərindəki 11 saylı tam orta məktəb üçün inşa edilən 960 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatıb. Məktəb dekabrın 19-da şagirdlərin istifadəsinə verilib.
Bu münasibətlə keçirilən mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova, ziyalılar, ictimaiyyət nümayəndələri və məktəbin kollektivi iştirak ediblər.
Məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra nazir və mərasim iştirakçıları yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.
Qeyd edək ki, məktəb əvvəllər 1926-cı ildə istifadəyə verilmiş binada fəaliyyət göstərib. 1923-cü ildə həmin məktəb binasının təməlinin qoyulmasında görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov da iştirak edib. Məktəb binası uzun illər istismarda olduğundan son illər yarasız vəziyyətə düşmüşdü.
Dövlətimizin başçısının Sərəncamına əsasən inşa edilən dördmərtəbəli və beş korpusdan ibarət yeni məktəb binasında 58 otaq, o cümlədən 38 sinif otağı, 12 fənn kabineti, fizika, kimya və biologiya laboratoriyaları, məktəbəqədər, hərbi hazırlıq, linqafon, informatika otaqları, kitabxana və oxu zalı, yeməkxana, akt və idman zalları yerləşir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb.
Qabaqcıl təhsil ənənələri ilə seçilən Şəki şəhər 11 saylı tam orta məktəb 2 dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi adını qazanıb.
Hazırda məktəbdə 930 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur. Məktəbdə təşkil edilən 4 məktəbəhazırlıq qrupunda isə 85 uşaq oxuyur. 2018-2019-cu tədris ilində məktəbi bitirən 49 məzundan 38-i ali məktəblərə qəbul olunub.
Məktəblə tanışlıqdan sonra Təhsil naziri Ceyhun Bayramov məktəbin akt zalında gənc müəllimlərlə görüşüb.

Keçidlər