Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə əsas kapitala yönəldilən investisiyaların həcmi 76,3 faiz artıb

03 fevral 2020 | 16:00

2019-cu ildə Şəki rayonunda istehsalın əsas sahələrində ilkin hesablamalara görə, faktiki qiymətlərlə 469 milyon 147,3 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 6 milyon 672 min manat və ya 1,4 faiz artıb. Buraxılmış məhsulun 9,2 faizi dövlət, 90,8 faizi isə özəl mülkiyyətin payına düşür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə rayonda iqtisadi və sosial sahələrin inkişafına 224 milyon 640,9 min manat investisiya yönəldilib. İnvestisiya qoyuluşunun həcmi 2018-ci illə müqayisədə 76,3 faiz artıb.
Respublikanın ən iri aqrar rayonlarından olan Şəkidə ötən il 209 milyon 574 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 5,2 faiz artıb. Eyni zamanda, 2019-cu ildə rayonda 37 milyon 670,4 min manatlıq sənaye məhsulları istehsal edilib, 73 milyon 512,4 min manat həcmində tikinti işləri həyata keçirilib.

Keçidlər