Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili kümçü: Baramaçılıqda qısa müddətdə çəkdiyin zəhmətin bəhrəsini görürsən

21 may 2020 | 16:00

Şimal-qərb bölgəsinin digər rayonları kimi, Şəkidə də baramaçılığın inkişaf etdirilməsi üçün yaxşı ənənə və böyük potensial var. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Şəki rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir. Təsadüfi deyil ki, son illər rayonda təsərrüfatın bu gəlirli sahəsinə maraq göstərənlərin sayı xeyli artıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, builki mövsümdə Şəki rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 21 tondan çox artırılaraq, 69,6 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirmək üçün rayonun 25 inzibati ərazi dairəsi üzrə 400-dək kümçü ilə müqavilə bağlanılıb, onlara 1740 qutu, yəni 33,1 kiloqram ipəkqurdu paylanılıb.

Son illər rayonun digər yaşayış məntəqələri kimi, Biləcik inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan kəndlərdə də baramaçılıq ənənələrinin bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. İcra nümayəndəsi Xalis Xasıyevin bildirdiyinə görə, ötən il inzibati ərazi üzrə 8 kümçü ailəsi 700 qram ipəkqurdunun bəslənilməsi ilə məşğul olub, 1,1 ton yaş barama istehsal edib. Bir ay müddətində ailələr baramaçılıqdan, ümumilikdə, 10 min manatadək gəlir əldə ediblər. Bu il baramaçılıqla məşğul olan ailələrin sayı artaraq 12-yə çatıb. Onlara 840 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə inzibati dairə üzrə yaş barama istehsalının 1,8 tona çatacağı proqnozlaşdırılır.

Dövlətin bu sahəyə dəstəyindən ruhlanan İkinci Biləcik kənd sakini Rafiq Talıbov üçüncü ildir ki, baramaçılıqla məşğul olur. Keçən il Talıbovlar ailəsi 180 qram ipəkqurdu bəsləyib, 320 kiloqram yaş barama istehsal edib. Bir ay müddətində ailə baramaçılıqdan 2880 manat gəlir götürüb. Builki mövsümdə isə kümçü ailəsi 200 qram ipəkqurdu bəsləyir. Ailə bu il azından 400 kiloqram yaş barama istehsal etməyi qarşıya məqsəd qoyub. Hazırda ipəkqurdu üçüncü yuxudan ayılıb.

Baramaçılığın çox gəlirli sahə olduğunu vurğulayan Rafiq Talıbov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “İpəkqurdunun bəslənilməsi üçün bir ay əziyyət çəkməli olursan. Qısa müddətdə çəkdiyin zəhmətin bəhrəsini görürsən. Digər təsərrüfat sahələrində isə belə deyil, məhsul istehsal etmək üçün bir neçə ay gözləməlisən. Ailəmizin əsas qazanc yeri uzun illərdir ki, fındıqçılıqdan formalaşırdı. Təsərrüfatımda 100 ədəd məhsuldar fındıq ağacı var. Hər il 800-1000 kiloqramadək məhsul toplayırıq. Dövlətin fındıqçılığa dəstəyindən ruhlanaraq son illər daha 2,5 hektar sahədə yeni fındıq bağı salmışam”.

Baramaçılığın hesabına ötən il ailənin gəlirlərinin xeyli artdığını vurğulayan kənd sakini növbəti illərdə barama istehsalını daha da artırmağı düşünür.

Keçidlər