Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə buraxılış (qəbul) imtahanları pandemiya dövrünün tələblərinə uyğun aparılıb

03 iyul 2020 | 16:00

Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 2-də Şəkidə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi növbəti buraxılış (qəbul) imtahanları başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 10 mərkəz ayrılıb. Buraxılış (qəbul) imtahanları Şəki şəhərindəki 8, 9, 10, 11, 12, 14, 17 və 20 nömrəli tam orta, fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

İmtahana başlamazdan əvvəl, binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 2200 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 26 imtahan rəhbəri və 228 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 176 otaq ayrılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

AZƏRTAC-ın bölgə müxbiri Şəki şəhər 9 saylı tam orta məktəbdə 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında iştirak edib. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan prosesi pandemiya dövrünün tələblərinə uyğun şəkildə təşkil olunub.

İmtahan rəhbəri Famin Salmanovun bildirdiyinə görə, 234 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 2 rəhbər və 21 nəzarətçi-müəllim cəlb olunub.

Keçidlər