Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir

14 iyul 2020 | 16:00

Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır.
     Bu sözləri Prezident cənab İlham Əliyev iyulun 13-də keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.
    Ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan növbəti avantüraya getmişdir.
   Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb.
   Törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir.
     Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri vardır. Əminik ki, KTMT ölkələri Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.
     COVİD-19-a qarşı mübarizə apardığı şəraitdə Ermənistan tərəfindən bu hücum və təxribat əməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir.
    Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.
    Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.
    Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir.

Keçidlər