Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə profilaktik tədbirlər davam etdirilir

24 iyul 2020 | 16:00

Şəki şəhər İH-nin nəzdində yaradılan mobil qruplar tərəfindən şəhər ərazisində, kənd və qəsəbələrdə təbliğat işi fasiləsiz olaraq həyata keçirilir,  əhalinin daha çox görə biləcəyi yerlərə xüsusi maarifləndirici posterlər yerləşdirilir və sakinlərə maarifləndirici flayerlər paylanılır. Bir müddət öncə start götürən "Evə zəng" kompaniyası çərçivəsində 4000-ə yaxın evlə telefon əlaqəsi saxlanılaraq maarifləndirici söhbətlər aparılmış, sakinlərə karantin rejiminin qaydaları izah olunmuşdir.

Şəki Rayon Mərkəzi Xəstəxanasında koronavirusun aşkarlanması üçün tam avtomatlaşdırılmış diaqnostik laboratoriya fəaliyyət göstərir və səhhətində problem olan, Covid 19-a yoluxma ehtimalı olan şəxslər laboratoriya əməkdaşları tərəfindən dərhal test edilir, nəticə bilinənədək  onların evdən çıxmaması və özünü izolyasiya etməsi tövsiyyə olunur. Alınan testlərin cavabı müsbət olduqda, xəstəliyin aşkar olunduğu mənzil dərhal GEM tərəfindən dezinfeksiya edilir, xəstəlik aşkar olunan şəxslər müalicə məqsədi ilə xəstəxanaya yerləşdirilir, onun ailə üzvləri və son günlərdə əlaqədə olduğu şəxslər müəyyən edilərək, onlardan test nümunələri götürülür və testin nəticələri bilinənədək həmin şəxslərin özünütəcrid qaydalarına əməl etmələrinə ciddi nəzarət edilir.

Şəki şəhər İH-nin başçısı Elxan Usubovun tapşırığına əsasən qabaqlayıcı tədbirlər görmək məqsədi ilə böyük ticarət mərkəzlərinin işçiləri, məhəllələrdə yerləşən kiçik, lakin alıcı sayı çox olan məhəllə mağazalarının satıcıları və bazar ərazisində gündəlik ticarətlə məşğul olan satıcılar arasında seçmə yolu ilə test nümunələri götürülür və nəticələrə uyğun tədbirlər həyata keçirilir.

Tətbiq olunan sərt karantin rejimində İH və onun tabeçiliyində olan təşkilatların, eləcə də Şəki rayon Polis Şöbəsi, Mərkəzi Xəstəxana, Qida Təhlükəsizliyi Agentliyi, GEM, Nəqliyyat Departamenti və digər aidiyyatı orqanların Nazirlər Kabineti yanında Operativ Qərərgahın və Şəki İcra hakimiyyətində yaradılmış Qərərgahın tələblərinə uyğun şəkildə birgə fəaliyyəti artıq nəticələrdə özünü biruzə verməkdədir. Belə ki, aparılan kompleks tədbirlərin nəticəsidir ki, rayonda gündəlik yoluxma sayında kifayət qədər azalma dinamikası müşahidə olunur.

Koronavirusla mübarizə ilə yanaşı qeyd etmək lazımdır ki, iyulun 12-də Tovuz rayonu istiqamətində baş verən hadisələrlə bağlı, ölkə ərazisində və başqa dövlətlərdə yaşayan vətəndaşlarımız müxtəlif formalarda: yürüş, mitinq və ya sosial şəbəkələr vasitəsi ilə erməni təxribatlarına qarşı öz etirazlarını bildirib və müharibəyə getmək üçün hazır olduqlarını vurğulanıb.

Şəkidə əhali arasında aparılan aktiv təbliğatın nəticəsi olaraq yürüş və mitinqin keçirilməsinə ehtiyac olmamış və rayon sakinləri könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DX-nə gedərək döyüşlərdə iştirak etmək üçün öz arzularını rəsmi şəkildə ifadə edərək qeydiyyata alınıblar. Könüllülər arasında cavan nəslin nümayəndələri ilə yanaşı, orta və yaşlı nəslin nümayəndələri, qızlar və qadınlar da var.

Hal-hazırda Şəkidə koronavirusla mübarizə ilə yanaşı, 22 iyulda yağan güclü yağışın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər də həyata keçirilir.

Keçidlər