Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur

11 avqust 2020 | 16:00

“Qarabağ” yatağının işlənməsinə gəldikdə, mən bir daha demək istəyirəm, hər zaman əminlik var idi ki, burada böyük potensial, böyük neft və qaz ehtiyatları vardır. Ancaq bayaq qeyd etdiyim kimi, 1990-cı illərdə üç quyu qazılmışdı, xarici tərəfdaş artıq bəyan etmişdi ki, bu, gələcək investisiya səmərəsiz olacaq və beləliklə, “Qarabağ” yatağı tərk edilmişdir. Biz, əslində, heç nə itirmədik. Çünki Azərbaycan o kəşfiyyat dövründə öz üzərinə heç bir maliyyə öhdəliyi götürməmişdi. Əksinə, hətta uğursuz nəticə də nəticədir, bizə əlavə geoloji məlumat veribdir. Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur.
   Bu sözləri Prezident cənab İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq bloku ilə tanışlıqdan Azərbaycan Televiziyasına müsahibəsində deyib.
    Cənab Prezident vurğulayıb ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
     Qeyd edək ki, “Qarabağ” dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Dayaq blokunun quraşdırılması “Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.

Keçidlər