Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ali məktəblərə qəbul imtahanları karantin dövrünün tələblərinə uyğun aparılıb

20 avqust 2020 | 16:00

Dövlət İmtahan Mərkəzinin (DİM) avqustun 20-də Şəki şəhərində keçirdiyi I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı başa çatıb. İmtahanlarda Şəki, Oğuz və Qəbələ rayonlarından olan abituriyentlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 6 mərkəz ayrılıb. Qəbul imtahanları Şəki şəhərindəki 8, 11, 12 və 17 nömrəli tam orta, fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

Əvvəlcə binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 1484 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 22 imtahan rəhbəri və 160 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 123 zal ayrılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

AZƏRTAC-ın bölgə müxbiri Şəki şəhər 11 saylı tam orta məktəbdə keçirilən qəbul imtahanında iştirak edib. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan prosesi pandemiya dövrünün tələblərinə uyğun şəkildə təşkil olunub.

İmtahan rəhbəri Əpoş Vəliyevin sözlərinə görə, 255 şagirdin iştirakının nəzərdə tutulduğu imtahanın idarə olunmasına 4 rəhbər və 27 nəzarətçi-müəllim cəlb olunub.

Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun aparılıb və hər hansı qanun pozuntusuna yol verilməyib.

Keçidlər