Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 65,3 min hektaradək sahədə payız səpini aparılıb

06 yanvar 2022 | 16:00

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2022-ci ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri 65 min 283 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 32 min 318,6 hektarını buğda, 32 min 964,4 hektarını arpa sahələri təşkil edir. Eyni zamanda, bu il rayonda 261 hektar sahəyə yaşıl yem üçün xəsil arpa da səpilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Bildirilib ki, hazırda taxıl sahələrində müvafiq qurumlar tərəfindən fitosanitar müşahidə və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir, sahələr suvarılır. İndiyədək 11 min 553 hektar sahədə suvarma işləri aparılıb.

Xatırladaq ki, ötənilki mövsümdə rayonda 63 min 531 hektar sahənin məhsulu biçilib, 204 min 907 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,3 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 6 min 191 ton artıb.

Keçidlər