Şriftin ölçüsü :

Saytın rəngi :

Qafqaz Müsəlmanları İdarəsi Şəkidə müşavirə keçirmişdir

15 mart 2014 | 16:00

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində martın 13-14-də Şəki şəhərində olmuşdur.
Səfər çərçivəsində Zaqatala, Balakən və Qax rayonlarında dindarlarla görüşən şeyxülislam və QMİ-nin təmsilçiləri martın 13-də günün ikinci yarısında Şəki şəhərinə gəlmiş, Cümə məscidində axşam namazı qılmışlar.
Martın 14-də “Şəki-Palas” otelinin konfrans zalında rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və dindarların iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirəni şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq əhalini, eləcə də yerli dini icmaları narahat edən məsələlərin öyrənilməsi, zərərli təriqətlərin qarşısının alınması məqsədi ilə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçirilən belə tədbirlərin böyük əhəmiyyət daşıdığını bildirmişdir.
Müşavirədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bütün müsəlman aləmini, Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, xalqımıza sabitlik, əmin-amanlıq arzılamışdır.
Şəkini mərhum şair Bəxtiyar Vahabzadə vasitəsilə daha yaxından tanıdığını vurğulayan şeyxülislam onunla çox yaxın münasibətlərinin olduğunu, dövlətçiliyimizin ən çətin günlərində bir-birinə arxa-dayaq durduqlarını diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu diyardan çıxan insanlar tarix boyu həm islam dininə, həm də Vətəninə, xalqına bağlı insanlar olmuşlar. Vaxtı ilə Şəkidə bir məsciddən azan səsi gələrdi. Lakin indi şəhərdə çoxlu sayda məscid fəaliyyət göstərir.
Dindarlarla görüşün məqsədinə toxunan şeyxülislam bildirmişdir ki, müstəqil Azərbaycan bu gün öz daxili və xarici siyasəti, təbii sərvətləri ilə nəinki Qafqazın, eləcə də dünyanın ən tanınmış dövlətlərindən birinə çevrilmişdir. Ölkəmizdə milli mənəvi, əxlaqi dəyərlərə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Son illər onlarla yeni məscid tikilmiş və bərpa olunmuşdur. Ancaq bundan istifadə edən bəzi qüvvələr demokratiya adı altında öz təriqətlərini yaratmağa səy göstərirlər. Şeyxülislam bildirmişdir ki, belə təriqətlər insanlar arasında ayrı-seçkilik salmaq istəyirlər. Ancaq onlar məqsədlərinə çata bilməyəcəklər. Çünki Azərbaycan tolerant ölkədir. O adamlar ki, bu gün dinimizi radikal formada təbliğ edirlər, belələrinə qarşı məzhəbindən asılı olmayaraq qəti mübarizə aparmaq lazımdır. Çünki ata-babalarımızın haqqını batil etmək olmaz. İnanırıq ki, Şəki camaatı, şəkililər heç vaxt belə təxribatlara uymayacaq, belə təxribatçı qüvvələrə qarşı barışmaz mövqedə dayanacaqlar.
Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirmişdir ki, biz indiyə qədər bu məsələni belə kəskin qoymamışdıq. Fikirləşirdik ki, yollarını azanlar öz səhvlərini başa düşərlər. Ancaq görünür ki, qanunlarımız bir qədər sərtləşdirilməlidir. Azərbaycan cəmiyyətində təfriqə salanlara yer olmamalıdır. Bu məsələdə məscid əhli, qazı və axundlar, eləcə də ağsaqqallar, nüfuz sahibləri mütləq öz sözlərini deməlidirlər. Vəhhabiliyə, sələfiliyə, təfriqə salanlara bir dəfəlik yox deyilməlidir. Bundan çəkinmək lazım deyildir. Çünki arxada güclü dövlət və qanunlar dayanmışdır.
Müşavirədə çıxış edən akademik Vasim Məmmədəliyev bu həssas məqamda belə bir görüşlərin keçirilməsinin çox gərəkli olduğunu bildirmişdir. Azərbaycan xalqında dinə həqiqi inamın olduğunu, dinlər, məzhəblər arasında heç bir parçalanmanın olmadığını, səmimi münasibətlərin formalaşdığını vurğulayan akademik dini parçalanmanın xalqımıza yad bir keyfiyyət olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, dünyanın bütün xalqları, bütün inkişaf etmiş dövlətlər Azərbaycanın dini nöqteyi-nəzərdən tolerant dövlətlərdən biri oldğunu qəbul edir. Təsadüfi deyildir ki, dünyanın ən tolerant ölkələri hesab olunan 5 dövlət arasında Azərbaycanın da adı vardır.
Bakı İslam Universitetinin rektoru Sabir Həsənli bildirmişdir ki, şübhəsiz, hər bir işin içində elmi düşüncə, elmi təfəkkür dayanarsa, bu iş daha yaxşı olur. Çünki nadanlıq, xurafat tərəqqiyə, inkişafa apara bilməz. Arzulayırıq ki, Azərbaycanda islam yolunu seçən gənclik daha savadlı, dünyagörüşlü olsun.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, müfti Salman Musayev bildirmişdir ki, dövlətimiz dindarlar üçün hər cür şərait yaratmışdır. Bəzən din adamları bunu layiqincə qiymətləndirmirlər. Məscidlərdə imam, axund öz moizəsini edir və bununla da işini bitmiş sayır. Təəssüf doğuran odur ki, bəzən xaricdən gələn, yaxşı tanımadığımız qonaqları yuxarı başda əyləşdirir və sonra bunun əziyyətini çəkirik. Həmin adamlar isə imkansız, dindən xəbəri olmayan cavanları öz ətrafında toplayır, müxtəlif cərəyanlar yaratmağa, dinə yeni ab-hava gətirməyə cəhd edirlər. Bunun əsas səbəblərindən biri budur ki, cavanlar bəzən düzgün yönəldilmirlər.
Müfti Salman Musayev bildirmişdir ki, dövlət səviyyəsində görülən işlər nəticəsində qarşıya qoyulan məqsədə tezliklə nail olunacaq, qeyri-ənənəvi təriqətlərin qarşısı birdəfəlik alınacaqdır.
Bununla da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin respublikamızın şimal-qərb bölgəsinə səfəri başa çatmışdır.

Keçidlər