Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanlılara qarşı erməni soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindəndir

01 aprel 2014 | 15:00

Şəki şəhərindəki 10 nömrəli tam orta məktəbin akt zalında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.
Təhsil işçiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi etdiyi tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə danışmışlar. Qeyd olunmuşdur ki, ötən əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər yerlərində törədilən qırğınlar zamanı on minlərlə həmvətənimiz qəddarcasına öldürülmüş, xalqımızın qiymətli maddi-mədəniyyət abidələri məhv edilmişdir.
Bildirilmişdir ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti indi də məqsədyönlü şəkildə davam etdirilir. Xalqımız ötən əsrin sonlarında 20 Yanvar, Xocalı kimi misli görünməmiş dəhşətli faciələr yaşamış, torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyona yaxın həmvətənimiz öz ata-baba torpaqlarından didərgin düşmüşlər.
Qeyd olunmuşdur ki, tarixi şərait səbəbindən ötən iki əsrdə baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılmışdır. Natiqlər erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamış, Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın əhəmiyyətini yüksək qiymətləndirmişlər.

Keçidlər